"Azərbaycan tərəfi Ermənistan təmsilçisinə öhdəliyini xatırladacaq və bununla bağlı mövcud cəzalar tətbiq olunacaq".
Unikal.org xəbər verir ki, bunu azvision.az-a açıqlamasında Milli Məclisin vitse-spikeri Bahar Muradova Stokholumda baş tutan "Eurovision" musiqi yarışması zamanı Ermənistan təmsilçisinin "Dağlıq Qarbağ Respublikası"nın bayrağını nümayiş etdirməsinə münasibət bildirərkən deyib.
B.Muradova qeyd edib ki, Ermənistan bu addımla beynəlxalq qanunvericiliyə məhəl qoymadığını dünyaya göstərdi: "Ermənistan həmin yarışmada iştirak edən bir dövlət kimi üzərinə hansı öhdəliklərin düşdüyünü dəqiq bilir. Bu öhdəliklərin pozulmasına görə müəyyən prosedurlar mövcuddur. Hesab edirəm ki, həmin prosedurlar üzrə qəti tədbirlər görülməlidir. Artıq dünya erməni təribatlarına göz yummamalıdır. Ermənistanın cəzalandırılmasının vaxtı çatıb.
Azərbaycanın müvafiq qurumu bununla əlaqədar iddia qaldırmalıdır. Digər dövlət qurumları da bu iddianın reallaşdırılması işində səylərini birləşdirməlidirlər. İctimaiyyətin mövqeyinin internet və mətbuat vasitəsi ilə dünyaya çatdırılmasına ciddi ehtiyac var".
Vitse-spiker ümid edir ki, "Eurovision" yarışmasının təşkilatçıları tərəfindən Azərbaycanın qaldırdığı iddilar düzgün qiymətləndiriləcək. "İnanmaq istəyirəm ki, bu məsələ ilə əlaqədar lazımlı addımlar atılacaq. Əgər belə olmasa, biz də öz tərəfimizdən müəyyən qəti addımlar atacağıq. Bununla bağlı Ermənistana bəyanat ünvanlamağa əsas görmürəm. Çünki Ermənistan birinci dəfə deyil ki, beynəlxalq hüququ, qaydaları pozur. 20 ildən artıqdır ki, Ermənistan müstəqil Azərbaycanın ərazi bütövlüyünü pozub.
Ermənistan bu təcavüzkar siyasətini davam etdirərək torpaqlarımızı işğal altında saxlayır. Bu ölkə beynəlxalq hüququn prinsiplərini, Helsinki Yekun Aktının müddəalarını pozub. Biz bütün bunlarla bağlı hələ də beynəlxalq ictimaiyyət tərəfindən lazımı addımların atılmasını gözləyirik. Hamı bilir ki, mövqeyimiz qətidir. Təcavüzkar Ermənistan dövləti öz mənfur niyyətlərini reallaşdırmaq üçün adi bir musiqi yarışmasından da meydança kimi istifadə etmək istəyir. Bunu Ermənistanın etdiyi qeyri-adi hadisə kimi də qəbul etmək olmaz. Çünki bu, Ermənistanın beynəlxalq hüququ saymamaq vərdişinə uyğundur".