Bakı şəhəri, Nəsimi rayonu, Yusif Səfərov küçəsində yerləşən çoxmərtəbəli binada yanğın təxminən üç saatdan artıq davam edib.

Unikal.org-un xəbərinə görə, bunu jurnalsitlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

Nazir müavini yanğının gec söndürülməsini su qıtlığı ilə əlaqələndirib:

"Yanğın haqqında məlumat Fövqəladə Hallar Nazirliyinin "qaynar xətti"nə 12:10 radələrində daxil olub. Yanğın təxminən 3 saatdan artıq davam edib,tam söndürülüb. Yanğının uzun davam etməsinin səbəbi su qıtlığı ilə əlaqədardır. 

Hazırda yollarda tıxac var və bu da yanğınsöndürən maşınların hadisə yerinə vaxtında cəlb edilməsinə çətinlik yaradıb".

Onun sözlərinə görə, yanğına 25 texnika, 100-ə qədər canlı qüvvə cəlb olunub. Xəsarət alan yoxdur: 

"Yanğının baş vermə səbəbləri araşdırılır. Yanğın 18-ci mərtəbən yuxarıda baş verib. Xəsarət alan yoxdur. Bəzi informasiya vasitələrində yazılır ki, kimsə özünü binadan atıb. Bu məlumat tam əsassızdır və yalandır. Yanğınsöndürənlər arasında da zəhərlənən olmayıb".