Erməni silahlı bölmələri Ağdamda Suvarma İdarəsinin əməkdaşlarının olduğu yük avtomobilini atəşə tutub.
Unikal.org apa-ya istinadn xəbər verir kİ, Ağdam rayonunun Çəmənli kəndi ərazisində nasaz olan su artezian quyusunu təmir etməyə gedən işçilər düşmən tərəfindən atəşə məruz qalıb. 02 AC 416 dövlət nömrə nişanlı, "KamAZ 43114 markalı avtomobil güllə-baran edilib.
İdarənin maşında olan 5 əməkdaşı xəsarət almasa da, avtomobil yararsız hala düşüb. Hazırda maşın hadisə yerindən çıxarılır.
İdarənin rəisi Hafiz Əzimzadə bildirib ki, ərazidə yüzlərlə artezian quyusu var. Ermənilər kənd sakinləri ilə yanaşı, ərazidə fəaliyyət göstərən işçiləri də atəşə tuturlar.
Müdafiə Nazirliyindən faktı təsdiq edərək bildiriblər ki, bu, Ermənistan tərəfindən mülki əhalinin hüquqlarının kobud şəkildə pozulmasına yönəlmiş məqsədyönlü təxribatıdır: "Cəbhə xəttində vəziyyət bölmələrimizin tam nəzarəti altındadır".
10:43
Ermənistan silahlı qüvvələrinin birləşmələri Ağdam rayon Mexaniki Suvarma İdarəsinin əməkdaşlarını atəşə tutublar.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib.
Ağdam rayonunun cəbhə xəttində yerləşən Çəmənli kəndində idarənin əməkdaşları təmir bərpa işləri aparan zaman ermənilər tərəfindən atəşə məruz qalıblar. Bir neçə dəqiqə atəş altında saxlanılan idarə əməkdaşları arasında xəsarət alan olmasa da texnikaya ziyan dəyib.
İdarənin rəisi Hafiz Əzimzadə bildirib ki, ərazidə çalışan aqreqata çoxlu sayda müxtəlif çaplı silahlardan atılan mərmi dəyib: "Çoxsaylı mərmidən aqreqat yararsız vəziyyətə düşüb. Çətinliklə də olsa texnika əməkdaşlarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən çıxarılıb. Əməkdaşlarımızın çalışdığı ərazi ermənilər tərəfindən mütamadi atəşə məruz qaldığından təmir-bərpa işləri gecə saatlarında həyata keçirilir".