Mayın 12-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Unikal.org-un Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

General-polkovnik Zakir Həsənov Ermənistandakı hakimiyyət dəyişikliyindən sonra bu ölkənin müxtəlif səviyyəli rəsmi şəxsləri, o cümlədən yeni baş nazirin münaqişə ilə bağlı məsuliyyətsiz çıxışlarına da münasibət bildirib. Ermənistanın hərbi-siyasi rəhbərliyini xəbərdar edən nazir bildirib ki, düşmənin bu cür hərəkətləri qəbuledilməzdir və Azərbaycan Ordusu genişmiqyaslı döyüş əməliyyatlarına tam hazırdır.

Nazir cəbhədəki mövcud vəziyyəti geniş təhlil edərək düşmənin ön xətdə və müdafiəsinin dərinliyindəki fəaliyyətlərini daim nəzarətdə saxlamaq, ehtimal olunan addımlarına hər an hazır olmaq, eləcə də onun mümkün təxribatlarının qarşısını dərhal almaq məqsədilə qətiyyətli tədbirlər görülməsi barədə əmr verib.

General-polkovnik Z. Həsənov Silahlı Qüvvələrin yaradılmasının 100 illik yubileyi ilə bağlı təntənəli tədbirlərin təşkili və yüksək səviyyədə keçirilməsi ilə əlaqədar prezident İlham Əliyevin sərəncamından irəli gələn tələbləri rəhbər heyətə çatdıraraq cavabdeh şəxslərə müvafiq göstərişlər verib.