Bu gün hakim Əfqan Hacıyevin sədrliyi ilə Bakı Ağır Cinayətlər Məhkəməsində "AzTV sədri Arif Alışanova qarşı dələduzluq yolu ilə 4,6 milyon manatını mənimsəyib və ona sui-qəsd təşkil etməkdə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Aqşin Hüseynov və Zöhrab Şirinovun növbəti məhkəmə prosesi keçirilib.

Unikal.org xəbər verir ki, A.Alışanova qarşı törədəiləcək cinayətin əsas detallarını təqsirləndirilən şəxslərdən biri - Aqşin Hüseynov açıb.

Onun verdiyi ifadədən bir daha məlum olub ki, təqsirləndirilən şəxslər A.Alışanovu öldürmək istəyiblər. Daha sonra qrup üzvlərindən "kalaşnikov avtomat, tapança, eləcə də digər soyuq silahlar götürülüb.

Məhkəmədə Aqşin Hüseynov növbəti dəfə ifadə verib:

"Şücayət Əkbərov, Qoçəli Cəbiyev və Zöhrab Şirinovun ailəsi məni və ailəmi hədələyirlər. Saxlanıldığım həbsxanaya mənim, hətta qohumlarımın üstünə adam göndərirlər. Xahiş edirəm ki, təqsirləndirilən şəxslərin və onların yaxınlarının telefonları dinlənilsin. Onların Arif Alışanova qarşı törətmək istədikləri planları açdığıma görə məni və ailə üzvlərimi hədələyirlər. Ortada cinayət var və bunu etiraf edirəm. Nə baş veribsə, danışıram. Amma həqiqəti söylədiyimə görə, Qoçəlinin oğlu mənə qarşı hədə-qorxu gəlir. O, hər zaman üzərində silah gəzdirir. Bu silahla da ailəmi təhdid edir. Xahiş edirəm, bu məsələ ilə də bağlı tədbir görülsün. Bütün bu təzyiqlərin məqsədi ifadəmi dəyişdirtməkdir. Onlar çalışırlar ki, hədə qorxu ilə yalan ifadə verim. Odur ki, xahiş edirəm, mənim və ailəmin təhlükəsizliyini təmin edəsiz.  (12:18)

*** 

Hakim deyib ki, A.Hüseynovun ifadəsi protokola qeyd ediləcək. Məhkəmədə zərərçəkmiş Dəyanət Cəfərov dindirilib. Arif Alışanovun bacısı oğlu olan zərərçəkmiş söyləyib ki, Şamaxıda torpaq almaq üçün təqsirləndirilən Ş.Əkbərova müraciət edib: "Bizə torpaqları Şücayət göstərirdi. Qiymətləri də onun özü danışırdı".

D.Cəfərov hadisə barədə də danışıb: "Arif müəllim Şücayətin maşınında gəlirdi. Bizim maşını isə Hacı sürürdü. Arxadan bizim maşını Zöhrab avtomobili ilə vurdu. Ona saxla dedim. Bu zaman Zöhrabın maşını aşdı. Yaxınlaşdıq, sonra onu maşına mindirib xəstəxanaya apardıq. Bu, təsadüf qəzaya oxşamırdı. O, hadisəni qəsdən törədib".

D.Cəfərov ifadə verən zaman təqsirləndirilən Ş.Əkbərov ona müdaxilə edib. Bu zaman hər iki şəxs arasında mübahisə düşüb. Hakim Ş.Əkbərova xəbərdarlıq edib.

D.Cəfərov ifadəsinin davamında bildirib ki, Şamaxının Çuxuryurd kəndində 300 min manata ferma, 600 min manata isə torpaq almışıq. Sonuncu dəfə Şücayətə torpağın alınması üçün 37 min manat və 19 min dollar pul vermişik. O isə bütün torpaqları öz adına keçirdi".

Vəkil Bəxtiyar Hacıyev zərərçəkmişə sual verərək, soruşub ki, "həmin pulların necə qazanılması ilə bağlı və vergi ödəyicisi kimi sənədləri istintaq orqanlarına təqdim etmisiz?"

D.Cəfərov isə deyib ki, heç bir lüzum olmadığı üçün sənədləri istintaq orqanına təqdim etməyib. B.Hacıyev söyləyib ki, heç bir texnika D.Cərərovun adına deyil.

D.Cəfərov isə adına texnika olduğunu deyib: "Bir neçə dəfə Arif Alışanov Şücayətə pul verən zaman şəxsən özüm orada olmuşam. Arif müəllim ümumilikdə ona 2-3 milyona yaxın pul verib. Yəni mənim yanımda".

Ş.Əkbərov zərərçəkmişin yalan danışdığını bildirib.

Digər zərərçəkmiş Hacı Babayev də dindirilib. O, A.Alışanovun sürücüsü işlədiyini, hadisə zamanı orada olduğunu deyib.

Növbəti məhkəmə prosesi mayın 23-nə təyin edilib.