Ermənistanın Tavuş vilayətinin sərhəd kəndi Verin Karmiraxbyurun 1975-ci il təvəllüdlü sakini sərhədi keçməyə cəhd edib.
Unikal.org virtualaz.org-a istinadən bildirir ki, bunun üçün o, öz ağ köynəyindən bayraq kimi istifadə etmək istəyib.
İnformasiyaya əsasən, hadisə mayın 1-də olub, amma bu cəhdin qarşısı erməni sərhədçiləri tərəfindən alınıb.
Məlumata görə, sərhədi keçməyə çalışan şəxs Rusiyada hərbi məktəbdə oxuyub. Onun uzun illər Qazaxıstanda yaşadığı və həm Ermənistan, həm də Qazaxıstan vətəndaşlığına sahib olduğu, hətta orada iki uşağının qaldığı bildirilir.
O, Verin Karmiraxbyurda təxminən bir yarım ay əvvəl qayıdıb. Orada onun anası yaşayır.
Adı açıqlanmayan şəxsin Azərbaycana qaçmaq istəyinin səbəbi də ortaya çıxıb. Başını götürüb ölkəsindən qaçan 43 yaşlı vətəndaş guya "Qarabağın ermənilərə aid olduğunu sübut edən sənədləri Azərbaycana vermək istəyirmiş".
Verin Karmiraxbyurdan verilən informasiyaya əsasən, böyük ehtimalla həmin şəxsdə psixi pozğunluq var.
Onun işi ilə Milli Təhlükəsizlik Xidməti və hərbi polis məşğul olub. 12 və ya 13 mayda o, Qazaxıstana uçmaq istəyib, amma Yerevan aeroportunda aviabileti cırıb və kəndə qayıdıb.