Son dövrlərdə müxalifətin ayrı-ayrı qanadlarının bir-birinə qarşı ittihamları onların üzündəki maskaları götürməkdədir.
Unikal.org xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.
F.Ağamalı bildirib ki, söhbət Azərbaycanda fəaliyyət göstərən radikal müxalifətdən və siyasi mühacir adı altında Avropada öz həyatlarını yüksək səviyyədə qurmaq arzusunda olan insanlardan gedir. Həmin şəxslər həqiqəti əks etdirməyən, daha çox qərəz, böhtan, iftira dolu fikirlərlə, ifadələrlə erməni lobbisinin xüsusi yeri olduğu antiazərbaycan qüvvələrin tərkibində yer almaqdadırlar:
"Əlbəttə, onlara sifarişlər olur, onlar da bu sifarişin müqabilində qrantlar alırlar. Qrant almadan bu radikal müxalifətin rəhbərlərinin, ailələrinin həyat səviyyəsi hansı vəsait hesabına belə yuxarı ola bilər? Və yaxud da siyasi mühacirin özü gedib bu və ya digər ölkəyə sığınırsa, öz həyatını yüksək səviyyədə qurursa, soruşmaq lazımdır ki, bunun mənbələri haradandır? Onlar əslində qrant sayəsində yaşayırlar və fəaliyyətləri siyasi çətir altında biznes qurmaqdır. Artıq Azərbaycanda tükənən, antiazərbaycan qüvvələrin etimadını itirən radikal müxalifətdən imtina edilir və daha çox üstünlük siyasi mühacir deyilən insanlara, eyni zamanda əxlaqsız düşüncələrlə, tərbiyəsiz sözlərlə Azərbaycan dövlətinin üzərinə gələnlərə verilir. Ona görə də xaricdəkilərlə Azərbaycanda olanlar arasında bu cür çəkişmələr, qarşılıqlı ittihamlar başlayıb.
Qeyd edək ki, mayın 9-da Helsinki Komissiyası tərəfindən ABŞ konqresində Azərbaycanla bağlı dinləmələr keçirilib. Burada çıxış edən Emin Milli Əli Kərimli və onun timsalında radikal müxalifət haqqında tənqidi fikirlər işlədib. Emin Millinin radikal müxalifətin və onun satellit QHT-lərinin "haqqını və ayrılan qrantları təkbaşına mənimsəmək cəhdi digər "qrantyeyənlərin ciddi qəzəbinə səbəb olub. Tərəflər arasında sosial şəbəkələrdə qrant uğrunda mübarizə özünü aşkar şəkildə büruzə verir, hətta təhqiramiz şəkil alıb.