Xarici işlər nazirinin müavini Ramiz Həsənov Laos Xalq İnqilab Partiyasının Mərkəzi Komitəsinin üzvü, Mərkəzi Komitənin xarici əlaqələr komitəsinin sədri xanım Sounton Sayaçakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-nin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, nümayəndə heyətini salamlayan nazir müavini Ramiz Həsənov Azərbaycanda təhsil alması səbəbindən ölkəmizin xanım S.Sayaçakın üçün heç də yad ölkə olmadığını diqqətə çatdırıb.
Azərbaycan və Laos arasındakı münasibətlərin tarixi köklərə əsaslandığını qeyd edən nazir müavini iki ölkənin keçmiş Sovet İttifaqı dönəmindən müxtəlif sahələrdə sıx əməkdaşlıq etdiyini bildirib və ikitərəfli və çoxtərəfli münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirib.
Azərbaycan və Laosun xarici işlər nazirlərinin qarşılıqlı səfər mübadiləsinə toxunan R.Həsənov bunun münasibətlərin inkişafına güclü təkan verdiyini vurğulayıb. Nazir müavini xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin yaradılmasının əməkdaşlıq imkanlarının öyrənilməsi baxımından vacib platforma olacağına ümidvar olduğunu əlavə edib. O, Azərbaycan-Laos əlaqələrinin genişləndirilməsi baxımından hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının yaradılmasının vacibliyini diqqətə çatdırıb.