İnsidentlərin araşdırılması mexanzmi Ermənistanın xeyrinə mövcud status-kvonun saxlanmasına xidmət edə bilər.
Erməni mətbuatı iddia edir ki, Fransa  Azərbaycan – Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulmasını qeydə alınması üçün mexanizm yerləşdirilməsi ilə bağlı təkliflə çıxış edib. 
Bu barədə Ermənistanın "news.am" saytı "Haykakan Jamanak" istinadən bildirib.
Məlumatda iddia edilir ki, qəzet bu xəbəri diplomatik mənbələrdən əldə edib. Məlumata görə, Fransada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daxili müzakirələr zamanı təmas xəttində atəşin istiqamətini təyin edən cihazlarların yerləşdirilməsi təklif edilib. İddia edilir ki, Fransa cəbhə xəttində cihazların yerləşdirilməsini öz üzərinə götürməyə söz verib.

Qəzet yazır ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Fransa səfəri zamanı bu cəbhə xəttində faktaraşdırıcı  mexanizmlərin qurulması məsələsini müzakirə edib. 
Həmçinin mənbə bildirib ki, Fransa uyğun olaraq təmas xəttinə mütəxəssislər göndərməyə hazırdır. Məqsəd tərəflər arasında sülh yaratmaqdır. Ancaq bu mütəxəssislər üç ölkəni təmsil etməlidir.
Ermənistan mətbuatında yayılan məlumatlara Azərbaycanın Xarici İşlər Nazirliyi də münasibət bildirib. 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev xəbəri şərh edərkən deyib: "Biz Ermənistan kütləvi informasiya vasitələrində verilmiş məlumatları şərh etmirik. Edvard Nalbandyanın Fransada nələri müzakirə etməsi də bizə məlum deyil. Bütün beynəlxalq ictimaiyyətə məlumdur ki, Ermənistan tərəfindən güc tətbiq edilərək Azərbaycan Respublikasının ərazisi işğal edilib və münaqişənin əsas səbəbi erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərdə mövcudluğudur. İnsidentlərin araşdırılması mexanzminə gəldikdə isə Azərbaycan dəfələrlə bəyan edib ki, bu yardımçı mexanizmə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması prosesinin tərkib elementlərindən biri kimi baxıla bilər. Əks təqdirdə, bu mexanizm işğal faktına əsaslanan mövcud status-kvonun saxlanmasına xidmət edə bilər".
(ANS PRESS)