"Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlıq haqqında yeni sazişlə bağlı danışıqların növbəti mərhələsi 29-30 may tarixlərində Bakıda keçiriləcək".
Unikal.org-un xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin siyasət şöbəsinin rəhbəri, nümayəndəliyin birinci müşaviri Denis Danilidis bildirib.
Danışıqlarda iştirak etmək üçün Avropa İttifaqının nümayəndə heyəti bazar ertəsi Bakıya gələcək.
Sazişin 2019-cu ildə imzalanacağı ilə bağlı məlumatlara münasibət bildirən D. Danilidis konkret tarixin məlum olmadığını deyib: "Sazişlə bağlı danışıqlar başlayanda, bilmək olmur ki, sənəd nə vaxt imzalanacaq".
D. Danilidis Azərbaycanla Aİ arasında aviasiya sazişi ilə bağlı bütün detalların artıq müzakirə edildiyini bildirib: "Aİ üçün bu saziş artıq tam aydındır. Danışıqlar bitib. Tərəflər arasında razılaşdırılmış sənəd var. Mən belə başa düşürəm ki, Azərbaycan tərəfinin razılaşmanın milli aviadaşıyıcı olan AZAL-a və iqtisadiyyatın digər sahələrinə necə təsir edəcəyini analiz etməyə ehtiyacı var. Ona görə də Azərbaycan tərəfini gözləyirik. İndi danışıqlar yoxdur. Sazişin bu il imzalanması isə ancaq Azərbaycan tərəfindən asılıdır".