Ukraynanın Prezidenti Petro Poroşenko və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Unikal.org xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Sizi Ukrayna xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Düz yüz il əvvəl Azərbaycan xalqı müsəlman Şərqində birinci olaraq demokratik inkişaf modelini seçmişdir. Müasir Azərbaycan Respublikası Sizin rəhbərliyiniz ilə qədim dövlətçilik ənənələrinə sadiqlik nümayiş etdirir və inkişaf edən ölkənin gələcək yüksəlişi yolunda inamlı addımlar atır.

Müstəqilliyinin bərpa edildiyi andan Azərbaycan ardıcıl və prinsipial xarici siyasət aparır. Şübhəsiz ki, bu, Bakının dünya arenasında beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə möhkəmlənməsinə yardım edir.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində bərpası məsələsində Ukraynanın mövqeyinin dəyişməz olduğunu bir daha təsdiq etmək istərdim. Həmçinin Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsində Azərbaycanın dəyişməz mövqeyini yüksək qiymətləndiririk.

Əminəm ki, dövlətlərimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin praktiki məzmunla zənginləşdirilməsi bütün əsas sahələrdə əməkdaşlığın intensivləşdirilməsi məqsədilə hərtərəfli dialoqun qarşılıqlı olaraq dərinləşdirilməsini təsdiq edir.

Bu xoş fürsətdən istifadə edərək Sizi münasib bildiyiniz vaxtda Ukraynaya bir daha rəsmi səfərə dəvət edirəm.

Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, tükənməz enerji, bütün plan və təşəbbüslərinizdə nailiyyətlər, dost Azərbaycan xalqına isə sülh, birlik və əmin-amanlıq arzu edirəm".

***

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə bütün qardaş Azərbaycan xalqına Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Türkmənistanda Azərbaycan Respublikası ilə hüquq bərabərliyi, qarşılıqlı səmərə, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan münasibətləri yüksək qiymətləndiririk. Əminəm ki, qardaş ölkələrimiz arasında yaranmış əməkdaşlığın və qarşılıqlı anlaşmanın yüksək səviyyəsi xalqlarımızın rifahı naminə Türkmənistan-Azərbaycan ikitərəfli münasibətlərinin bundan sonra da durmadan inkişaf etməsi və möhkəmlənməsi üçün etibarlı təməl olacaq.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, şəxsi səadət və firavanlıq, qardaş Azərbaycan xalqına sülh, tərəqqi və əmin-amanlıq diləyirəm".