Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rəsmi səfərdə olan Fransanın xarici işlər naziri Jan-Iv Lö Drianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Unikal.org xəbər verir ki, Azərbaycanda olmasından məmnunluğunu bildirən fransalı nazir Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğunu və görüş zamanı çox faydalı müzakirələrin aparıldığını qeyd edib.

Fransa xarici işlər naziri 1918-ci il 28 mayda bəyan edilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar Azərbaycan hökumətini və xalqını təbrik edib.

Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu bildirən tərəflər əlaqələrin daha da dərinləşdirilməsində yüksək səviyyəli səfər mübadiləsinin əhəmiyyətini vurğulayıblar. Nazirlər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirdilər.

Nazirlər iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı üçün geniş potensialın mövcud olduğunu bildirərək, Azərbaycan və Fransanın işgüzar dairələri arasında qarşılıqlı şəkildə sərmayə qoyuşulunun təşviqinin və bu istiqamətdə fəaliyyət göstərən müvafiq qurumlar arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar. Həmçinin, tərəflər Azərbaycanın xüsusi imtiyazlı rejim əsasında fəaliyyət göstərən sənaye parklarında və sənaye məhəllələrində Fransa şirkətlərinin iştirakının və birgə istehsalat müəssisələrinin yaradılmasının zəruriliyini qeyd ediblər.

Nazir Elmar Məmmədyarov ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji, nəqliyyat və infrastruktur layihələrin haqqında danışaraq sözügedən layihələrin reallaşmasının regionda sabitliyə və inkişafa xidmət etdiyini deyib. O, bu layihələrin region ölkələri ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsinin və insanlararası təmasların artmasına xidmət edəcəyinə ümidvarlığını ifadə edib.

Tərəflər Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq məsələlərinə toxunublar və Fransanın Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafına göstərdiyi dəstək yüksək qiymətləndirilib.

Nazir Elmar Məmmədyarov bu il mayın 15-də Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşdüyünü qeyd edərək münaqişənin həllində irəliləyişə nail olmaq üçün Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən hərbi işğal faktına son qoyulmalı, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan qoşunlarının işğal olunmuş ərazilərindən tam, qeyd-şərtsiz və dərhal çıxarılmalı və məcburi köçkünlərin öz dogma torpaqlarına geri qayıtmasının təmin edilməli olduğunu vurğulayıb. Elmar Məmmədyarov bir daha bildirib ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdləri qəbuledilməzdir.

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən həyata keçirilən qeyri-qanuni əməllərə və qondarma rejimin nümayəndələrinin Avropa İttifaqı ölkələrinin ərazilərinə daxil olması məsələsinə toxunan Elmar Məmmədyarov münaqişənin danışıqlar yolu ilə həlli prosesinin tərkib hissəsi kimi bu kimi qanunsuz əməllərin qarşısının alınmasının vacibliyini diqqətə çəkib.

Görüş zamanı həmçinin, elm, təhsil, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. Həmçinin, Azərbaycanda fransız dilinin tədrisi və təşviqi istiqamətində görülən tədbirlər təqdir edilib.

***12:54

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda fransalı həmkarı Jan-İv Lö Drianı qəbul edib.

Unikal.org xəbər verir ki, hazırda nazirlər arasında təkbətək görüş keçirilir.