"Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyində olan qüvvələr 1991-1993-cü illərdə ölkəmizi lazımi səviyyədə idarə edə bilməmişlər. Onların üzərinə düşən yüksək məsuliyyəti dərk etməmişlər və gənc müstəqil dövləti demək olar ki, idarəolunmaz vəziyyətə salmışdılar. 1991-1993-cü illərdə Azərbaycanda yaşanan xoşagəlməz hadisələr, hallar ölkəmizin müstəqilliyini sual altına qoymuşdur".
Unikal.org xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan rəsmi qəbulda çıxışı zamanı prezident İlham Əliyev bildirib. Ölkə başçısı hesab edib ki, xüsusilə 1992-ci ildə AXC-Müsavat cütlüyünün dövlət çevrilişindən, hakimiyyətin güc yolu ilə zəbt edilməsindən sonra vəziyyət daha da ağırlaşdı:
"Ölkəmizdə xaos, anarxiya, özbaşınalıq hökm sürürdü. AXC-Müsavat hakimiyyəti talançılıqla məşğul idi. Torpaqlarımız işğal altına düşmüşdür və bununla bağlı çoxsaylı qaçqınlar-köçkünlər yaranmışdır. AXC-Müsavat hakimiyyəti qardaş qanı axıtdı, vətəndaş müharibəsinə start verdi və bu, xalqımızın böyük faciəsi idi.
Bir sözlə, o illər bizim tariximizdə qara ləkədir, rüsvayçılıq illəridir. Azərbaycan xalqı cəmi bir il o antimilli hakimiyyətə dözə bildi və bir ildən sonra o hakimiyyəti tarixin arxivinə göndərdi. Azərbaycan xalqı öz liderinə - Heydər Əliyevə müraciət etmişdir, onu hakimiyyətə dəvət etmişdir və nə qədər müdrik xalq olduğunu bir daha sübut etmişdir. Heydər Əliyevin hakimiyyətə dəvət edilməsinin bir çox səbəbləri var idi. İlk növbədə, onun Azərbaycanın rəhbəri kimi 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər, Azərbaycanın inkişafı, quruculuq və abadlıq işləri xalqın yaddaşında əziz xatirə kimi qalmışdır. Məhz onun rəhbərliyi ilə 1970-ci illərdə Azərbaycan sovet məkanında ən geridə qalmış yerdən ən qabaqcıl yerə yüksəlmişdir. Digər səbəblər ondan ibarətdir ki, Heydər Əliyev xalqımız üçün ən ağır məqamlarda daim xalqla birlikdə olmuşdur, böyük müdriklik, cəsarət göstərmişdir. Qanlı Yanvar faciəsindən dərhal sonra - 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet hakimiyyətini, Kommunist Partiyasını törətdiyi cinayətə görə pisləmişdir, tənqid etmişdir, o qanlı faciəni qınamışdır, Azərbaycan xalqının ağrılarını bütün dünyaya çatdırmışdır. O vaxt AXC-Müsavat təşkilatı demək olar ki, qorxudan görünmürdü, gizlənmişdir, fərarilik etmişdir. Heydər Əliyev təkbaşına, özü də Sovet İttifaqının mərkəzində öz haqq səsini ucaltmış, xalqla həmrəyliyini göstərmiş və bu faciəni bütün dünyaya çatdırmışdır. Azərbaycan xalqı əlbəttə ki, bu tarixi yaxşı bilirdi. Naxçıvanda fəaliyyət göstərdiyi dövrdə Ulu Öndər Naxçıvanı erməni işğalından qoruya bilmişdir, o da çox çətin vəzifə idi. Naxçıvan düşmənin əhatəsində idi və orada özünümüdafiə qrupları təşkil edilmiş və düşmənə layiqli cavab verilmiş, düşmən yerinə oturdulmuşdur".