Azərbaycanın bir qrup KİV nümayəndəsi Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin rəhbəri Mariya Zaxarovaya müraciət ünvanlayıb.
Unikal.org xəbər verir ki, müraciətdə bildirilir ki, iyunun 1-də Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktor müavini Artyom Kojinin keçirdiyi mətbuat konfransında "Trend informasiya agentliyinin xüsusi müxbiri Artyom Sokolov Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda separatçı rejimin nümayəndələrinin də iştirakının vacibliyinə dair fikri haqqında sual ünvanlayıb.
A. Kojin isə suala cavabında deyib ki, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT tərəfindən əsası qoyulan müvafiq relslərə uyğun gəlməyən səs-küylü bəyanatlar yəqin ki, konstruktiv deyil: "Lakin çox təəccüblüdür ki, brifinqin nazirliyin saytında yerləşdirilmiş mətnində belə qeyd olunub: "Sizin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair ATƏT tərəfindən əsası qoyulan müvafiq relslərə uyğun gəlməyən səs-küylü bəyanatlarınız yəqin ki, konstruktiv deyil. Burada "ümumiyyətlə (вообще) sözü "sizin (ваши) sözü ilə əvəzlənib. Belə olan halda sanki cavab Ermənistan baş nazirinin bəyanatı deyil və jurnalistə ünvanlanıb. Biz tam əsaslı şəkildə hesab edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aktuallığı və Rusiyanın bu məsələyə dair mövqeyi, həmçinin Ermənistanla diplomatik skandalın mümkünlüyü Rusiya XİN-i belə kobud saxtalaşdırmaya məcbur edib. Bununla yanaşı, Rusiyanın xaric siyasət idarəsi nəinki rusiyalı diplomatın danışıqlar prosesinin əsl mahiyyətinə uyğun olan professional cavabını təhrif edib, həm də bütün məsuliyyəti tamamilə nəzakətli və yerində sual verən jurnalistin üstünə atmağa çalışıb.
Bəyanatda deyilir ki, bu hadisə təəccüb doğurur və Minsk qrupunun həmsədr ölkələrinin rəsmi mövqeyinin təhrif olunmasına dair yolverilməz nümunədir: "Eyni zamanda, Ermənistanın yeni hökuməti tamamilə əsassız və qeyri-konstruktiv bəyanatlar səsləndirir. Ermənistan tərəfinin tanınmamış separatçı rejimin danışıqlar prosesində iştirakına dair bəyanatı danışıqlar prosesinin BMT və ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində hazırlanmış bütün 20 illik konsepsiyasına ziddir.
Bəyanatda göstərilir ki, Azərbaycan jurnalistikası Rusiya-Azərbaycan dostluğunu yüksək qiymətləndirir və öz imkanları daxilində iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin dərinləşməsi və qorunması üçün əlindən gələni edir: "Biz hesab edirik ki, xalqlarımız arasında mehriban qonşuluq əlaqələri bütün regionun çiçəklənməsinə, Cənubi Qafqazda təhlükəsizliyin və stabilliyin möhkəmlənməsinə xidmət edir. Təbii ki, bütün bunlarda Rusiya və Azərbaycan diplomatlarının böyük xidmətləri var. Buna görə də, biz anlaya bilmirik ki, əsrlər boyu ənənələrə malik, diplomatiya tarixində çoxsaylı müsbət nümunələr qoymuş, bu qədər hörmətli və ciddi dövlət orqanı olan Rusiya XİN belə qarşıdurmaya yol aça bilər. Biz hesab edirik ki, bu hadisə Rusiya XİN-ə hörmət gətirmir. Buna görə də hesab edirik ki, Rusiya xarici siyasət idarəsi sözügedən saxtakarlığı aradan qaldırmalı və həqiqəti bərpa etməlidir.
Müraciəti Əflatun Amaşov ("Mətbuat Şurasının sədri, Aslan Aslanov(AZƏRTAC), Bəxtiyar Sadıqov ("Azərbaycan qəzeti), Həsən Həsənov("Xalq qəzeti), R.Hacıyev ("Bakinskiy raboçiy qəzeti), Hikmət Məmmədov ("Yeni Azərbaycan qəzeti), Bəhruz Quliyev ("Səs qəzeti), Vüqar Rəhimzadə ("İki Sahil qəzeti), İ.Hüseynov ("Kaspiy qəzeti), İlham Quliyev ("Kaspi qəzeti), A.Vəliyev ("Şərq qəzeti), Yunus Oğuz ("Olaylar qəzeti), Rəşad Məcid ("535-ci qəzet), N.Əliyev ("Palitra qəzeti, C. Mikayılova ("Azərinyus qəzeti), Elçin Mirzəbəyli ("Xalq cəbhəsi qəzeti), Aqil Abbas ("Ədalət qəzeti), Aydın Quliyev ("Bakı xəbər qəzeti), Rauf Abbasov ("Yeni Müsavat qəzeti), Bahəddin Həziyev ("Bizim yol qəzeti), İlqar Hüseynov ("Trend İnformasiya Agentliyi), Vüsalə Abışova ("APA İnformasiya Agentliyi), Niyaz Niftiyev ("Azadinform İnformasiya Agentliyi), Murad Əliyev ("Report İnformasiya Agentliyi), Eynulla Fətullayev ("Haqqın xəbər ortalı), Elbrus Seyfullayev ("Qafqazinfo xəbər portalı) imzalayıblar.