Xəbər verdiyimiz kimi, 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Ordumuzun nəzarəti altına keçib. Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Günnüt məzarlığında 26 il sonra Quran oxunub.
Unikal.org modern.az-a istinadən xəbər verir ki, Naxçıvan parlamentinin deputatı Tariyel Talıbov açıqlamasında kənd sakinlərinin işğaldan azad edilən ərazilərə köçürülə biləcəyindən danışıb: "1992-ci ildə işğal edilən Günnüt kəndinin əhalisinin çoxu Sədərək, Şərur rayonlarında məskunlaşıb. Kəndin sakinləri sevinc içindədir. Əhalinin ora köçürülməsi istiqamətində işlər gedir. Hazırda hərbçilərimiz ərazini minalardan təmizləyir. Bu işlər yekunlaşandan sonra insanlar kəndə köçüb məskunlaşacaq.
Deputat Günnüt kəndinin zəngin torpaq sahəsi olduğunu da bildirib.
"Günnüt kəndinin ərazisi 11 hektara yaxın torpaq sahəsidir. Həmin ərazi yabanı bitki və heyvanat aləmi ilə də zəngindir. Mussonlar, bəbir var. Sıradan kənd olmayıb. Artıq Qızılqayaya qədər ərazilər götürülüb. Hakim mövqelər bizdədir. Ermənilərin güllə atması bizi qorxutmur. Bir güllə atanda 3 yerdən cavabını alırlar. Günnüt kəndini geri qaytaran zaman bir əsgərimiz şəhid oldu.
Qeyd edək ki, ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalırdı. Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılıb, qaynar həyatın hökm sürdüyü qədim yaşayış yerimiz erməni vandalları tərəfindən xarabalığa çevrilib. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdılıb, kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Mahmudkəndə köçməyə məcbur qalıb.