Bir müddət öncə Göyçay raynunda körpünün uçması ilə bağlı Baş Prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar, Ekologiya Və Təbii Sərvətlər Nazirlikləri birgə məlumat yayıblar.
Unikal.org-a daxil olan açıqlamada qeyd olunur ki, 2018-ci il iyun ayının 2-də Göyçay rayonu ərazisində baş vermiş güclü leysan zamanı Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrində Göyçay çayı üzərində yerləşən körpü qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işləri səbəbindən uçaraq yararsız vəziyyətə düşüb, nəticədə dövlətə 3 milyon manatdan artıq ziyan dəyib.
Bununla əlaqədar prezident İlham Əliyevin tapşırığına əsasən ayrı-ayrı şəhər və rayonlarda fəaliyyət göstərən 250-yə yaxın qum-çınqıl karxanasından 81-də monitorinq aparılıb. Müəyyən edilib ki, son dövrlər bəzi dövlət orqanları və sahibkarlıq subyektləri tərəfindən yer təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş standartlar, normativlər, qaydalar və lisenziyalaşdırma şərtləri kobud surətdə pozulduğundan ətraf mühitə, infrastruktur obyektlərə, su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükə yaranıb, çay məcraları kəskin eroziyaya məruz qalıb.
Aşkarlanmış qanunsuzluqlarla bağlı toplanılmış materiallar əsasında Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 255-ci (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanılıb, eləcə də hüquq mühafizə orqanlarının təcrübəli əməkdaşlarından və aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət istintaq-əməliyyat qrupları yaradılaraq təxirəsalınmaz tədbirlər həyata keçirilib.
İstintaq araşdırmaları göstərib ki, karxanalardan 14-ü lisenziya və digər müvafiq sənədlər olmadan qanunsuz şəkildə qum-çınqıl istehsalı ilə məşğul olmuş, daha 41 karxana yataqların istismarının dayandırılması barədə Nazirlər Kabinetinin qərarına zidd olaraq fəaliyyətini davam etdirib və nəticədə dövlətə 16 milyon manatdan çox ziyan vurulub.
Konkret olaraq "Göyçay qum-çınqıl yatağında istismar işləri aparan karxanalar ətraf mühitə 4 milyon manatdan çox, Mingəçevir şəhərində və Yevlax rayonunda yerləşən 16 karxana 700 min manatdan artıq, Şamaxı, İmişli, Şəmkir, Qazax, Quba, Qusar, Tərtər və Bərdə rayonları ərazisində yerləşən 56 karxana isə 8 milyon manatdan çox ziyan vurub.
Göstərilən hüquqazidd əməllərə yol verdiklərinə görə "ATF MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov, "Azpod MMC-nin qum-çınqıl zavodunun direktoru Nəcməddin Əliyev, "Elnicat MMC-nin direktoru Bəhruz Sadayev, "Titanik-5 MMC-nin təsisçisi və faktiki rəhbəri Şahin Məmmədov, fiziki şəxslər Natiq Zakirov, Nazim Qasımov, Nəriman Yəhyayev Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs olunublar. "Azəraqrartikinti ASC-nin Göyçay qum-çınqıl filialının istehsalat rəisi Allahverdi Allahverdiyev və "Gülövşə MMC-nin təsisçisi Mahir Allahverdiyev barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. "Attinak MMC, "Bayburt Qrup Anonim Şirkəti, habelə bir sıra digər hüquqi və fiziki şəxslər barəsində araşdırmalar davam etdirilir.
Hazırda istintaqı aparılan cinayət işləri üzrə bütün təqsirli şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunması, ətraf mühitə vurulmuş ziyanın ödətdirilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər həyata keçirilir.