Dünən Novxanı qəsəbəsində yerləşən "Aquaparkda baş verən ölüm hadisəsi ilə bağlı yeni iddialar var.
Unikal.org qafqazinfo-ya istinadən bildirir ki, hadisə zamanı vəfat edən Zamiq Nağıyevin qardaşı Nicat Nağıyevin sözlərinə görə, dünən polis və prokurorluq orqanlarının əməkdaşlarının iştirakı ilə təhlükəsizlik kameralarından hadisə anının görüntülərini izləyiblər: "Zamiq saat 13:36-da Aquaparka gəlib, hadisə isə 15:07-də baş verib. Atraksionun yuxarısında da, aşağısında da nəzarətçi yoxdur. Videodan görünür ki, Zamiq atraksionun aşağısında çimir, bu zaman atraksionun göy rəngli hissəsinin yuxarısından hələ ki şəxsiyyəti bəlli olmayan bir nəfər sürüşüb Zamiqin başından bütün çəkisi ilə zərbə vurur. Dərhal da kənara çəkilib gözləyir, 15:08-də Zamiqin hərəkətsiz olduğunu görən və yaxınlıqdakı masada yemək yeyən 17 yaşlı bir oğlan paltarlı formada suya tullanıb Zamiqi çıxardır. Ətrafdakı digər qonaqlar da ona kömək edirlər, əgər orada nəzarətçi olsaydı, Zamiqi onlar çıxarardılar. Zamiqi vuran şəxs isə kənarda dayanıb baxır və köməklik etmir. 15:16-da Zamiqi tibb məntəqəsinə aparıblar. Aquaparkın rəhbərliyi bildirdi ki, insanlar nəzarətçinin sözünə baxmır deyə daha nəzarətçi işlətmirlər".
N. Nağıyev qeyd edib ki, qardaşı Z. Nağıyevə qarşı oğurluq hadisəsi də baş verib: "Onun pul qabısı hadisə yerindən kənarda tapılıb, kimsə onun pulunu götürüb boş pul qabını tullayıb. Zamiqin heç bir xəstəliyi, qıcolması yoxdur. Meyiti morqdan aparanda gördük ki, boynunun arxasında və çiyninin yuxarı hissəsində göyərmə var, boynunun arxa sağ hissəsi şişib".
Qeyd edək ki, Z. Nağıyev evli olub, 5 yaşlı oğlu, 1 yaşlı qızı var. O, turizmlə məşğul olub və insanları turistik yerlərə aparmaqda xidmət göstərib. Həmin gün də qonaqlarını ora apardığı ehtimal edilir. Hazırda polis hadisəni törədən şəxsi axtarır.