Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaranmasının 20 illik yubileyi tədbirində iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İordaniya Haşimilər Krallığının Şahzadəsi, Minalardan Təmizləmə və Reabilitasiya üzrə İordaniya Milli Komitəsinin sədri Mirad bin Raad əl-Hüseyn iyulun 19-da Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində olub.
Bu barədə Unikal.org-a ANAMA-dan məlumat verilib. Şahzadəni ANAMA-nın, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Füzuli və Cəbrayıl Rayon İcra hakimiyyətlərinin rəhbərlikləri müşayiət edib.
Qonağa ermənilərin işğal olunmuş ərazilərdə törətdikləri vəhşiliklər, kəndin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan Prezidentinin sərəncamlarına müvafiq olaraq həmin ərazidə aparılan minadan təmizləmə və tikinti işləri barədə məlumat verilib.
Bildirilib ki, Cəbrayıl rayonunun digər yaşayış məntəqələri kimi, Cocuq Mərcanlı kəndi də 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılıb, dağıdılıb. Azərbaycan Ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin aprel döyüşlərinə qədər Lələtəpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün olub. Lakin Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.
Məlumat verilib ki, Azərbaycan Respublikası Prezidentinin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı müvafiq sərəncamlarına uyğun olaraq, 3520108 kvadratmetr (352 hektar) ərazi təmizlənib və 253 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. Əhalinin kənd təsərrüfatı ilə təhlükəsiz məşğul olması üçün kəndin ətrafındakı əkin sahələrində də mina və partlamamış hərbi sursatlardan təmizləmə əməliyyatı aparılıb.
Tamamilə dağıdılan Cocuq Mərcanlıda birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi həyata keçirilib. Cocuq Mərcanlıdan olan 50 ailə öz doğma yurduna dönüb. Sakinlərin kənd təsərrüfatı ilə məşğul olmaları üçün əkin sahələri suvarma suyu ilə təmin olunub. Kənddə tikinti işlərinin növbəti mərhələsində daha 100 fərdi yaşayış evinin, uşaq bağçasının, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi də başa çatdırılıb və Cocuq Mərcanlı kəndindən olan digər məcburi köçkünlərin qəsəbəyə köçürülməsinə başlanılıb.
İordaniya Şahzadəsi Azərbaycana ikinci dəfə səfər etdiyini deyib. Qonaqlar kənddəki orta məktəb və Şuşa məscidinin bənzəri olan məscidlə tanış olublar.
İordaniya Şahzadəsi və digər qonaqlar 24 il Cocuq Mərcanlıda atəş altında yaşayan Oqtay Həziyevin evinə də baş çəkib, ailə üzvləri ilə söhbət ediblər.