"Xədicə İsmayılın şərti cəza ilə azadlığa çıxması adi haldır. Bunu Azərbaycanın hüquq-mühafizə orqanlarının humanist siyasətinin nəticəsi hesab edirəm".
Unikal.org xəbər verir ki, bu fikirləri Azvision.az-a Yeni Azərbaycan Partiyasının icra-katibinin müavini, deputat Siyavuş Novruzov deyib.
YAP rəsmisi vurğulayıb ki, X.İsmayılın şərti cəza ilə azadlığa buraxılması şouya çevrilməməlidir: "Azərbaycan dövləti humanistdir. Belə hallar hər zaman olub. Hazırda bu proses davam edir. Xədicə İsmayılın şərti azadlığa buraxılmasını kimsə şouya çevirməsin. Bu, adi haldır. Azadlığa buraxılan müəllim, həkim heç də ondan aşağı deyil, əksinə daha üstündür".
Qeyd edək ki, bu gün "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılova azadlığa buraxılıb.
X.İsmayıl təqsirləndirildiyi Cinayət Məsəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə bəraət alıb. CM-nin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə 3 il şərti cəza verilib.
Qeyd edək ki, Səbail Rayon Məhkəməsinin 2014-cü il 5 dekabr tarixli qərarı ilə X. İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra o, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7 il 5 ay müddətində azadlıqdan məhrum edilmişdi.