Son zamanlar idmançılar saxta "dünya çempionları ilə mübarizə aparır, onların yalançı qələbələri ilə bağlı sərt fikirlər bildirirlər.
Unikal.org-un əldə etdiyi məlumata görə, belə "çempionları ölkəmizə gətirən klublardan biri də "Bozqurd Fight Clubdur.
Klubun yaydığı məlumata görə, ötən ilin dekabr ayında Gürcüstanda keçirilən Dünya Çempionatında idmançılardan 5-i qələbə qazanıb və dünya çempionu tituluna sahib olub. Çempion olanlar arasında gənclər və yeniyetmələr də var.
Apardığımız araşdırmaya görə, son 2 ilə yaxındır Azərbaycanın gənclər və yeniyetmələrdə "free-fighting üzrə dünya çempionu olmayıb.
Nəzərinizə çatdıraq ki, "Bozqurd Fight Clubun rəhbəri millət vəkili Fərəc Quliyevdir. O, ötən il yarışdan qayıdan, özlərini dünya çempionu kimi təqdim edən idmançıları qəbul etmişdi.
Maraqlısı ondadır ki, "Free-Fightingin beynəlxalq qurumunun 2017-ci ilin dekabr ayında Gürcüstanda keçirilən dünya çempionatından xəbəri yoxdur.
Məsələ ilə bağlı klubun prezidenti, deputat Fərəc Quliyevin özü ilə əlaqə saxladıq. O Unikal.org-a açıqlamasında saxta çempionların olması ilə bağlı məlumatları təkzib edib və başqa suala cavab verməyəcəyini deyib.
***
Məsələ ilə bağlı Bozqurd Fight klubun direktoru Süleyman Əliyev Unikal.org-a açıqlama verib.
O bildirib ki, qatıldıqları yarış həqiqətən də Free-Fighting üzrə dünya çempionatı deyil. S.Əliyevin bildirdiyinə görə, Azərbaycan peşəkar Free-Fighting idman klubunun rəhbəri Sahib Yunusovun təşkilatçılığı ilə Gürcüstanda keçirilən dünya kubokuna qatılıblar. Yarış Tiflisdə Dünya Qarışıq Döyüş federasiyası tərəfindən keçirilib.