Azərbaycan Milli Anti Dopinq Agentliyinin (AMADA) əməkdaşları Avropa Liqasının növbəti qrup oyununa hazırlaşan "Qarabağın düşərgəsində olub.
AMADA-nın nümayəndələri komandanın hazırlaşdığı Bakı Olimpiya Stadionuna gələrək futbolçuların təcili dopinq-testdən keçməli olduğunu bildiriblər.
"Qarabağın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Unikal.org-a yoxlanışla bağlı açıqlama verib. O bildirib ki, Avroliqa oyunundan əvvəl belə bir yoxlanışın olması onlar üçün də müəmmalıdır.
"Dopinqin nəticəsi bir neçə gün sonra bilinəcək. 7 futbolçudan götürülüb. Bunun bugünkü oyuna təsiri olmayacaq. AMADA bu testin nəticəsini daxili çempionatlar üçün qərar verir.
Normal hallarda Avroliqa oyunları günü yoxlanış olmur. UEFA-nın özünün də anti-dopinq yoxlanışı var. Ona görə də AMADA-nın belə bir yoxlanış etməsi bizim üçün qəribə gəldi.
Qeyd edək ki, Ukraynanın "Vorskla klubu ilə oyunun protokolunda adı olacaq yeddi futbolçu - Abdellah Zubir, Ansi Aqoli, İnosent Emeqara, Şahruddin Məhəmmədəliyev, Abbas Hüseynov, Araz Abdullayev və Simeon Slavçevdən test götürülüb.
Bakı Olimpiya stadionunda keçiriləcək "Qarabağ" - "Vorskla" matçı saat 20:55-də start götürəcək.
Aygün İlqarqızı