Ayaqqabılarımı təmizləmə, onun üstündə Qarabağın torpağı var. Bir gün Qarabağ alınanda o ayaqqabını təmizləyərsən.
Unikal.org musavat.com-a istinadən bildirir ki, bu, şəhid Orxan Hümmətovun anasından son istəyi olmuşdu. Vətən uğrunda qorxmadan son damla qanına kimi vuruşan və şəhidlik zirvəsinə ucalanlardan biri də Şəkinin Kiş kənd sakini 23 yaşlı Orxan Hümbətovdur.

Dolama, daşlı-kəsəkli dar küçələrlə Orxan Hümmətovun doğulub boya-başa çatdığı evinə - Kiş kəndinə yollandıq. Bu qəhrəman kiçik həyəti olan, köhnə qapı-pəncərəli, kasıb bir daxmada böyüyüb. 1992-ci il noyabrın 4-də  Alban tarixinin beşiyi olan Kiş kəndində dünyaya göz açıb. Ailədə iki qardaş olan bu gənclərin hər ikisi hərbiçidir. Bizi də elə həyətin qapısında Orxan Hümbətovun hərbiçi qardaşı Vüsal Hümmətov qarşıladı.


Qardaşı ilə qürur duyduğunu və vətən uğrunda özünün də hər zaman canından keçməyə hazır olduğunu deyən Vüsal qardaşının aprelin 4-də şəhid olduğunu dedi: "Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. Könüllü, öz istəyi ilə gedib. Mən hər şeydən əvvəl bir hərbiçi kimi, həm qardaşımın qanını almaq, həm də vətənimi qorumaq üçün hər zaman  müharibəyə getməyə hazıram. Sözsüz ki, vətəni qorumaq hər kəsin borcudur. Biz hərbini seçmiş, vətənimizlə bərabər həm də anamızı, analarımızı, millətimizi, şərəfimizi qorumuşuq. Orxan heç vaxt ölümdən qorxmayıb. Biz həmişə söhbət edirdik, bir-birimizə deyirdik ki, özündən muğayat ol. Əgər hərbi formanı geyinirsənsə, demək o ölümü çiyinlərində daşıyırsan. Biz hər zaman deyirdik ki, ölsəm şəhid olacam. Vətən uğrunda da ölmək şərəf olardı. Yəni Orxan buna hazır idi".

Daha sonra söhbətə qoşulan şəhid anası Pərvanə Hümmətova oğlu ilə bağlı ürəyinin dolu olduğunu, onunla bağlı arzularının yarımçıq qaldığını deyir: "Oğlum 4 ildir ki, hərbidə işləyirdi. Ordudan qayıtdıqdan sonra öz istəyi ilə hərbidə işləməyə başladı. Həmişə deyirdi ki, Vətəni, anamı qorumaq mənim borcumdur. Orxan sanki Vətən üçün yaranmışdı. Mən övladlarımın ikisini də vətənpərvər ruhda böyütmüşəm, heç bir istəyinə qarşı çıxmamışam. Hərbiçi olmağı da özləri istədi, mən də xeyir-dua verdim".

Oğlu Orxanla bağlı ürəyinin dolu olduğunu, danışmaq istədiyini deyən ananı qəhər boğur. Gözüyaşlı ana oğlunun iyini onun geyimlərindən aldığını dedi: "Orxanın iyini paltarlarından alıram. İki il əvvəl də ermənilər atəşkəsi pozmuşdu. Onda Orxan Tərtərdə işləyirdi. Əsgər çəkməsini torpaqlı gətirib mənə verdi. Dedi ki, ana bu çəkməni saxla, onu Qarabağ alınanda yuyarıq. Üzərində Qarabağımızın torpağı var. Mən o çəkməni hələ də saxlayıram. Şuşa alınana qədər mən o çəkməni saxlayacağam".


"Dedi ki, ana, bu çəkməni saxla, onu Qarabağ alınanda yuyarıq..."
Gözləri uzaqlara dalan ana Orxanın uşaqlığını xatırlayır və sanki balaca Orxan qarşısında dayanıbmış kimi gözlərini bir nöqtəyə zilləyərək danışır: "Orxan uşaqlıqda dəcəl idi. Şirniyyatı çox sevərdi, özü də şirin uşaq idi. 5 yaşından deyirdi ki, mən general olacağam. Zarafatcıl, mehriban uşaq idi. Kəndin bütün balacaları ondan ötəri hələ də göz yaşı tökürlər. Hər gün Orxanın məzarı başına gedib deyirəm ki, dalğalanan bayrağına anan qurban olsun. Məzarı başına gedirəm. Oğlumla hər gün danışıram. Çoxları deyir danışma, dur. Amma mən bilirəm ki, o məni eşidir. Yuxularıma gəlir hər gün. Mənə deyir ölməmişəm, yaşayıram. Deyir məni tək qoyma. Mən Orxanın ölümünə inanmıram. 6 aydan bir məzuniyyətə buraxırdılar. Aprelin 25-i gəlməli idi. Deyirəm yəqin məzuniyyətə buraxmayıblar, sentyabrın 24-ü gələcək. Onu hələ də gözləyirəm. Onu ürəyimdə ölümsüzləşdirmişəm. Bir övlad kimi onunla həmişə fəxr etmişəm. 

Orxan Goranda kursda idi. Axırıncı dəfə martın 26-da evə gəlmişdi. Sonuncu danışığımız isə aprelin 3-ü axşam saat 9-un yarısında olub. Aprelin 4-ü isə eyni danışdığım saatda onun tabutu evə girdi. Danışanda çox yaxşı olduğunu, kursda olduğunu bildirdi. Böyük oğlumun təlimə getdiyini bilirdim. Amma Orxanı bilmirdim. Orxan zəng edəndə dedi ki, qardaşımla danış, xəbər tutun. Mən kursdayam, narahat olmayın dedi. Orxan tərbiyəli, böyük kiçik yeri bilən, sirr saxlamağı bacaran bir oğul olub. O anasını heç vaxt təlaşlandırmaq, qorxuya salmaq istəmirdi. Amma mən Orxanın şəhid olacağını bir həftə əvvəl hiss etmişdim. Sanki canıma od yapışırdı. Gecələr oyanırdım və deyirdim ki, mən istidən yanıram, canıma qızdırma gəlirdi. Ana ürəyim bunu hiss etmişdi. Onun ölüm xəbəri çıxanda kəndin hamısı bildi, bir məndən başqa. Kənddə dedilər ki, şəhid var. Mən qapıya çıxıb bütün övladlar üçün dua etdim, dedim ki, Allahım sən bütün övladları qoru, içində də mənim balalarımı. Mən iki balamın can sağlığından başqa bu həyatda heç nə istəməmişəm. Mənim oğlum indi cənnətdədir. Orxan adını ona qardaşı Vüsal qoyub. Mənası da ordu başçısı deməkdir. Orxan həmişə deyirdi ki, ana qorxma, göydə Allah yerdə də sənin duaların məni qoruyacaq. Mən Orxandan həmişə narahat idim. Amma biruzə vermirdim. İçimdə yaşayırdım. Orxanın iyini hər yerdən duyuram, onun izlərini axtarıram. O gələn küçəyə baxıram, elə bilirəm indi görünəcək və evə gələcək. Orxanın mənə şəkilləri, paltarları, birdə ayaqqabısı yadigar qaldı".

Balaca otağa göz gəzdirən ana köks ötürərək nə vaxtsa Orxan üçün ayrıca bir otaq düzəldəcəyini və ona aid əşyaları həmin otağa yığıb xatirəsini yaşadacağını dedi: "Mən nə qədər yaşayacağam, Orxan da mənim ürəyimdə yaşayacaq. Heç bir ana, ata övlad dağı görməsin. Ən pis dərddir. Mən Orxanı zülmlə, kasıbçılıqla böyütmüşdüm. Orxan hər şeyin qədrini bilən olub. Böyük oğlum da hərbiçidir və istərdim ki, qardaşının qanını yerdə qoymasın".

Pərvanə ana kiçik otağın bir tərəfində qoyulan şkafı göstərərək onu açmağı özünə məhrum etdiyini dedi: "O şkafdakıların hamısı Orxanın paltarlarıdır. Yoldaşımın, oğlumun  paltarları yerdə durur, mən onu həmin şkafa qoymağa qıymıram. Deyirəm oranı aça bilmərəm. Bu otağa da təsadüfən girdim. O bu otaqda yatırdı. Bir gecədə 10 dəfə durub üstünü örtürdüm. Onun iyi hələ də bu otaqdadır. Orxanı həmişə yola salanda deyirdim ki, mən səni həmişə gözləyirəm, salamat gəl. O da həmişə deyirdi ki, baş üstə, ana sən mənim üçün dua et. Televiziyaya baxıb Türkiyədə şəhid olanlara ağlayanda, Orxan göz yaşlarımı silib deyirdi ki, bu göz yaşların heç vaxt axmasın. Onun arzuları tükənməz idi. Həmişə mənə zarafatla deyirdi ki, qardaşıma toy etdikdən bir ay sonra mənim üçün elçi gedəcəksən. Sonra deyirdi ki, sənə Bakıda bina evi alacam. Mənimlə yaşayarsan. Həmişə deyirdi ki, qardaşımın toyundan sonra öz arzularımı həyata keçirəcəyəm".

Şəhid anası Qarabağ məsələsinin birdəfəlik həllinin tərəfdarı olduğunu dedi: "Qorxa-qorxa yaşamaqdansa, birdəfəlik ölüm hamısından yaxşıdır. Analar qorxu içində yaşayır. Neçə illərdir şəhidlər veririk. Nə qədər analar gözüyaşlı, atalar belibükük, cavan gəlinlərimiz dul, uşaqlar atasız qalıb. Birdəfəlik müharibə başlasın və qurtarsın. Biz öz torpaqlarımızı istəyirik, ermənilərin torpaqlarını yox. Öz xoşları ilə versinlər. Yox öz xoşları ilə vermirlərsə, müharibə ilə alaq".

Ana övladının adının əbədiləşdirilməsini istəyir: "İstərdim ki, bu döyüşlərdə şəhid olanların hamısının adları zirvələrdə yaşasın. Onların adlarına kitablar yazılsın. Gələcək nəsil də bilsin ki, bu cür qəhrəman övladlarımız olub. Qoy bütün dünya bilsin ki, Azərbaycanda Orxan kimi qəhrəman oğullar var. Azərbaycan heç vaxt əyilməz. Bayrağımız Qarabağda da dalğalanar və şəhidlərimizin qanı yerdə qalmaz. Oğluma fərqləndiyi üçün medal verilib. Orxanın igidliyi araşdırılsın, öyrənilsin. Onun adına küçə, məktəb olsun istəyirəm. Mən bütün şəhidlər üçün ağlayıram. Vətənsiz bir heç nəyik. İstəyirəm bütün torpaqlarımız alınsın. Mən bu yaşımda gedib Orxanımın qanını almağa hazıram".