Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.
Unikal.org-un məlumatına görə, açılış oyununda debütant "Sabah" autsayder "Zirə"ni qəbul edib.
"Əlincə Arena"da keçirilmiş görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Hesabı 45+1-ci dəqiqədə "Sabah"ın futbolçusu Məqsəd İsayev açıb. O, cərimə meydançasının daxilində Cavid İmamverdiyevin ötürdüyü topu "9-luğ"a göndərib.
73-cü dəqiqədə isə "Zirə"nin heyətində Tellur Mütəllimov fərqlənib. O, Pərdis Fərcad-Azadın ötürməsini qola çevirib.
Qonaqlar oyun ərzində üstün oynasalar da, debütant 90+2-ci dəqiqədə Cavid İmamverdiyevin qolu ilə qalib gəlib. Vitali Kvaşukun ötürməsindən sonra rəqib qapısına yol tapan 27 yaşlı yarımmüdafiəçi "Sabah"ın heyətində ilk qolu olub.
Qələbədən sonra xalını 16-ya çatdıran "Sabah" 3-cü sıraya yüksəlib. "Zirə" isə 4 xalla sonuncu yerdədir.
Qeyd edək ki, turun növbəti oyunu bu gün "Sumqayıt və "Qəbələ komandaları arasında olacaq. Qarşılaşma saat 18:00-da start götürəcək. Həftəyə oktyabrın 28-də keçiriləcək "Səbail - "Keşlə və "Neftçi - "Qarabağ matçları ilə yekun vurulacaq.