Daha bir federasiya maddi problemlərlə üz-üzə qalıb.
Unikal.org-un məlumatına görə, Azərbaycan Motosiklet İdmanı Federasiyası maddi problemlər üzündən bu idmanı inkişaf etdirə bilmir. Hətta federasiya bu idman növünə yazılmaq istəyən xanımları texnika ilə təmin edə bilmir.
AMİF-in prezidenti Kür Səfərəliyev Unikal.org-a açıqlamasında maddi durumlarının çox zəif olduğunu təsdiqləyib:
"Federasiyamız 2002-ci ildən rəsmi olaraq qeydiyyatdan keçib. Yığma komandamız da var, yarışlara gedirik.
Düzdür, qadınlar da bu idmana maraq göstərir. Amma bizim maddi durumumuz buna imkan vermir. Texnikalar bahadır. Əlimizdə olan texnikalar da çox az olduğu üçün idmançıları təmin edə bilmirik.
Hətta bölgələrdə də bu idmanı inkişaf etdirə bilməmişik. Motosiklet idmanı ilə bağlı bölgələrdə heç nə yoxdur. Hamımız Bakıda toplaşmışıq. Səbəbi maddiyatdır. Hər şey maddiyatla bağlıdır, pul yoxdursa necə edək? Hələ illər sonra ilk dəfə bu yaxınlarda öz trasımızı yığa bilmişik. Ona qədər orada-burada, məşq etməyə çalışırdıq.
Qeyd edək ki, Kür Səfərəliyev Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin rəisi olub, 2015-ci ildə təqaüdə çıxıb. O 1980-ci ildə motodromun rəisi olub.
Aygün İlqarqızı