Şabran rayonunda "cin çıxaran şəxslərin öldürdüyü 25 yaşlı Soltanov Muradın fotolarını və hadisənin baş vermə təfərrüatlarını əldə edilib.
Unikal.org A24.az-a istinadən xəbər verir ki, mərhum əqli qüsurlu olduğu üçün Bakıdakı evlərində mollalar gəlib tez-tez onunçün dua oxuyurmuş. Hətta o, bir müddət Maştağadakı 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında da müalicə edilib.
"Sonra bir az özünə gəlsin deyə Şabrana gedib. Orada qohumlarından biri onu xalq təbabəti ilə müalicə edəcəyini bildirib və tutulan şəxslərdən birinin yanına aparıb. 6 nəfər M.Soltanovu guya xalq təbabətindən istifadə olunmaqla müxtəlif formada müalicə etdikləri, bədənindən şər qüvvələri çıxarmaq adı ilə nar ağacının çubuqları ilə vurub, ona ağır bədən xəsarətlər yetiriblər. Murad bundan sonra həmin şəxsin evində dünyasını dəyişib.
Hal-hazırda 6 nəfər polis tərəfindən saxlanılıb.
Yaxınlarının verdiyi məlumata görə, mərhumun valideynləri bir müddət əvvəl boşanıblar və anası yenidən ailə həyatı qurub. Hadisəni törədən şəxslərin də, məhz anasının ikinci ərinin yaxınları olduğu iddia edilir.
Qeyd edək ki, Bakı şəhər sakini Soltanov Murad Şahin oğlunun Şabran rayonunun "5 sotlar yaşayış massivindəki kirayədə yaşadığı evdə üzərində müxtəlif xəsarətlər olan meyiti aşkarlanıb.
Araşdırmalarla məlum olub ki, Şabran rayon sakinləri Füzuli Qəribov, Vüsal İbrahimov, Aprel Xəlilov, Sahib Xəlilov, Əfqan Tarverdiyev və Cəmil Qayıbov əlbir olaraq Şabran şəhəri, Alı Mustafayev küçəsi, ev 19-da İbrahimov Vüsal Şahbaba oğluna məxsus evdə psixi xəstəlikdən əziyyət çəkən Soltanov Murad Şahin oğlunu "cin çıxartma müalicə üsulu ilə sağaltmaq adı ilə bədəninin müxtəlif nayihələrinə çubuqla vuraraq xəsarətlər yetiriblər. M.Soltanov aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Şabran rayon Prokurorluğunda cinayət işi başlanıb.