Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının paytaxtın Suraxanı rayonunun Hövsan qəsəbəsində dəniz sahilində yerləşən vətəgədə keçirdiyi reydlər nəticəsində 1 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Hövsan qəsəbəsinin sakini olan Emil Abdulrəhimovdan bu zaman hisə verilən 28 ədəd kütüm, 2 ədəd adi siynək və qaxac edilən 5 kütüm balığı maddi sübut kimi götürülüb.

Araşdırma zamanı bu şəxsin Qida Təhlükəsizliyi Agentliyinin müvafiq icazəsiz (lisenziyasız), kustar üsulla, antisanitariya şəraitində hisə verilmiş balıq hazırladığı, özünün isə sərxoş vəziyyətdə olduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən saxlanılan şəxslə aparılan profilaktiki söhbətlər zamanı onun belə özfəaliyyətinin nəinki qeyri-qanuni olduğu, həmçinin aşkar antisanitar vəziyyətdə, heç bir müvafiq norma və standartlara əməl edilmədən hazırlanmış hisə verilmiş balıq və balıq məmulatlarının insan insan orqanizmi üçün çox zərərli, sağlamlığı üçün təhlükəli olduğu, bu cür qanunsuz fəaliyyətin hüquqi məsuliyyət doğurduğu nəzərinə çatdırılıb.

DİN-dən bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən xidməti ərazidə- sututarlarda, ovçuluq təsərrüfatlarında və qoruqlarda barkonyerliyə, adları "Qırmızı Kitaba düşmüş heyvan və quşların qanunsuz ovlanmasına qarşı da mütəmdi olaraq reydlər keçirilir.

İdarə əməkdaşlarının noyabrın 11-də İmişli rayonunun Qaralar kəndində keçirdikləri digər növbəti belə reyd zamanı əcnəbi vətəndaş Mansor Alajmi adlı şəxs saxlanılıb. Bu şəxs isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi icazəsi (lisenziyası) olmadan, adları "Qırrmızı kitaba düşmüş 1 ədəd sultantoyuğu və 14 ədəd gərəf ovlayıb.

Hazırda İdarədə iki faktla bağlı araşdırma aparılır. Nəticədən asılı olaraq hər iki şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq ciddi tədbir görüləcək.