"2018-ci ildə Azərbaycanda mütərəqqi vergi islahatlarının aparılması bir milyondan çox qeyri-leqal məşğulluğun rəsmiləşməsinə kömək edəcək".
Unikal.org xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli YAP-ın rəsmi saytına müsahibəsində deyib.
O bildirib ki, gələn il üçün gözlənilən ən maraqlı və fundamental inqilabi dəyişikliklərdən biri ölkədə mütərəqqi vergi islahatlarının aparılması olacaq: "Nəticədə özəl bölmədə 7 il müddətinə sahibkarlıq subyektlərində çalışan şəxslər 14% gəlir vergisindən tamamilə, işə götürənlər və işçilər isə həm də sığorta ödəmələrindən qismən azad olacaqlar. Bu hesaba da bütövlükdə 26% miqdarında olan sosial və işsizlikdən sığorta haqları ödənişləri azaldılaraq, yığım mexanizmləri dəyişdirilərək bir qurum yəni vergi orqanları tərəfindən tutulacaq. Beləliklə, nəzərdə tutulan qanun layihəsinə əsasən artıq işçi bir mənbəyə, yəni vergi qurumlarına 10%, işə götürən isə 16% sığorta haqqı ödəyəcək. Bu yolla vergi yükü hiss olunacaq dərəcədə azalacaq, belə olan təqdirdə isə həm işçi, həm də işəgötürən müəyyən əlavə qazanc əldə etmiş olacaq. Bu sistemin tətbiqi bir milyondan çox qeyri-leqal məşğulluğun rəsmiləşməsinə kömək edəcək və nəticədə sığorta haqlarının ödənişləri hiss olunacaq dərəcədə sürətlə artacaq".
Komitə sədrinin sözlərinə görə, sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyətinin 2019-ci il büdcəsinin müzakirəsi ilə bağlı keçirilən komitə iclaslarında deputatlar bir neçə göstəricilərə xüsusi diqqət yetirdilər: "Bu da büdcədən həmkarlar konfederasiyasına sanator-kurort xidmətləri və istirahət məqsədilə yollayışların alınması üçün nəzərdə tutulan vəsaitlərdir. Tamamilə dəyişməyən bu məsrəf göstəricisi büdcənin ümumi həcmində hətta 2006-ci ildəki rəqəmdən belə faiz olaraq 2.5 dəfə azdır".