"Bəzi hallarda diaspor təşkilatları bir-biri ilə rəqabət aparır. Bu rəqabət sağlam olmalıdır. Bizim gücümüz birlikdədir".
 
Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında çıxışı zamanı deyib. O bildirib ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları birləşməli və bir nöqtəyə vurmalıdır: "Belə olanda ictimaiyyətin onlara hörməti də artacaq. Xarici ölkələrin cəmiyyətləri görsələr ki, diaspor təşkilatlarımız bir-biri ilə yola getmirlər, onlara münasibət yaxşı olmayacaq. Birlik əsas məsələdir. Azərbaycanlıların əksəriyyəti vətənpərvərdir və ölkəmizin güclənməsini istəyirlər".
 
Dövlət başçısı qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdəki səfirlər daim diaspor təşkilatları ilə əlaqədə olmalıdır: "Mən iki ildən bir səfirlərlə görüşürəm və diaspor təşkilatlarına kömək göstərmələrini tapşırıram. Səfirlərlə diaspor təşkilatları arasında əlaqələr güclənməlidir. Çünki məqsədimiz Azərbaycanın daha da güclənməsidir. İstəyirik ki, xaricdəki azərbaycanlılar yüksək mövqedə olsunlar, yerli qanunverici orqanlarda azərbaycanlıların sayı çoxalsın. Əfsuslar ki, xaricdə azərbaycanlılar icra və qanunvericilik orqanlarında kifayət qədər təmsil olunmurlar. Azərbaycan dövləti bu işə müdaxilə edə bilməz, diaspor təşkilatlarımız bunu özləri etməlidirlər. Xaricdəki ölkələrdə diaspor təşkilatları arasında koordinasiya, əlaqə varsa, bu məqsədə çatmaq üçün asan yollar müəyyən ediləcək".
 
Prezidentin sözlərinə görə, azərbaycanlılar xarici ölkələrdə böyük biznes imkanlarına malikdir: "Mən bunu alqışlayıram. Xaricdə yaşayan azərbaycanlılar öz həmvətənlərinə də kömək göstərirlər ".