“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” ölkə Prezidentinin müvafiq sərəncamının icrası ilə əlaqədar Müdafiə nazirinin əmrinə əsasən birlik, birləşmə və hərbi hissələrdə tədbirlər həyata keçirilir.
Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, cəbhəboyu zonada yerləşən “N” saylı hərbi hissədə xidmət müddəti başa çatmış bir qrup hərbi qulluqçunun ehtiyata buraxılması ilə bağlı təntənəli mərasim keçirilib.
Tədbir xalqımızın ümummilli lideri Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət himninin ifası və Dövlət bayrağının mərasimə gətirilməsi ilə başlayıb.
Sonra xidmət müddəti başa çatmış hərbi qulluqçular döyüş növbətçiliyini qəbul edən gənc əsgər yoldaşlarına rəmzi olaraq silah, zirehli jilet və dəbilqələri təqdim ediblər. Gənc əsgərlər uğurla, Vətənə şərəflə xidmət edəcəklərinə, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaqlarına söz veriblər.
Tədbirdə Müdafiə Nazirliyi rəhbərliyinin və birlik komandirinin ehtiyata buraxılan şəxsi heyətə təbriki çatdırılılıb.
Təntənəli mərasim xidmət müddətində fərqlənmiş və nailiyyətlər əldə etmiş hərbi qulluqçuların mükafatlandırılması, bayram naharı və konsert proqramı ilə başa çatıb.