Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı həyata keçirilən tədbirlərlə qeyri-leqal dövriyyədən 1 ton 136 kiloqram narkotik vasitə çıxarılıb, 45 cinayətkar qrup zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, bunu nazir Ramil Usubov 2018-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında deyib. 

R.Usubov bildirib ki, ümumi çəkisi 138 tona yaxın narkotik tərkibli bitki yığılaraq yaşıl kütlə halında məhv edilib. 

Nazir qeyd edib ki, insan alverinin və bu cinayətin qurbanlarının müəyyən edilməsi üzrə Milli Fəaliyyət Planı əsasında görülən işlər də ardıcıl olub. Nəticədə 144 insan alveri və 4 məcburi əmək cinayəti müəyyən edilib, 28 nəfərdən ibarət 13 cinayətkar qrup zərərsizləşdirilib, bu cinayətlərin qurbanı olmuş 98 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib. 

Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 31.539 cinayət işinin istintaqı aparılıb ki, onlardan 80 faizi daxili işlər orqanları müstəntiqlərinin icraatında olub. Vətəndaşlara dəymiş maddi ziyanın ödətdirilməsi 2017-ci illə müqayisədə 2 faiz yaxşılaşaraq 86,8 faiz təşkil edib. 

Məruzədə yol-nəqliyyat hadisələrinin dinamikasında, qəzalarda ölən və xəsarət alanların sayında artıq altıncı ildir ki, nəzərəçarpan azalmanın müşahidə olunduğu nəzərə çatdırılıb. Bildirilib ki, yol hərəkəti qaydaları əleyhinə olan hüquqpozmaların aşkarlanması 1,3 faiz artaraq 3.409.698 inzibati xəta təşkil edib. Ümumilikdə, daxili işlər orqanlarının bütün struktur qurumları üzrə müxtəlif inzibati xətalara görə 3.442.148 protokol tərtib edilib.