Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, Narkotiklərlə Mübarizə Bölməsi və 37-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəbəkənin üzvləri ifşa ediliblər.
Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı qeyd edilən cinayətləri törətməkdə təqsirli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Murad Məmmədov idarə etdiyi “Wolswagen” markalı avtomobillə birgə saxlanılıb.
Onun avtomobilinə baxış zamanı 25,324 qram narkotik vasitə heroin, 26 ədəd yüksək psixotrop tərkibə malik metadon həbi, bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi, həmçinin yaşadığı evdən əlavə olaraq 101,686 qram heroin aşkar edililərək götürülüb.
Davam etdirilən tədbirlərlə M.Məmmədova heroini və psixotrop tərkibli həbləri satanların da şəxsiyyətləri qısa zamanda müəyyən edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan dəstənin digər üzvləri, Lənkəran şəhər sakinləri Yalçın Qurbanov və Zamiq Cavadov da polislər tərəfindən saxlanılıblar. Z.Cavadovun üzərində şəxsi axtarış aparılan zaman ondan 100,840 qram heroin və 100 ədəd metadon həbi, Y. Qurbanovdan isə 2,985 qram tiryək, idarə etdiyi avtomobildən isə 8 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
İstintaq zamanı müəyyən edilib ki, dəstə üzvü Y.Qurbanov şəxsiyyəti məlum olmayan İran vətəndaşından narkotik vasitələri əldə edəndən sonra onları satmaq üçün hissə-hissə Z.Cavadovun vasitəsilə M.Məmmədova göndərib. M.Məmmədov isə öz növbəsində Bakıda narkotik vasitələri satandan sonra əldə etdiyi pulu Lənkəran şəhərinə Y.Qurbanova göndərməli imiş.
Faktla bağlı saxlanılan şəxslər barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və barələrində Xətai Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.