Lənkəranda gənc oğlan qətlə yetirilib.
Bu barədə Unikal.org-a Lənkəran rayon Prokurorluğundan məlumat verilib.
Məlumatda bildirilir ki, yanvarın 29-da Lənkəran rayonunun Aşağı Nüvədi kənd sakini, 1997-ci il təvəllüdlü Şadman Balayevin öldürülməsi ilə bağlı rayon prokurorluğuna daxil olan məlumat əsasında dərhal hadisə yerinə polis və prokurorluq əməkdaşlarının iştirakı ilə baxış keçirilib.
Müəyyən edilib ki, 1995-ci il təvəllüdlü Heydər İlqar oğlu Əlili həmin gün səhər saat 10 radələrində Lənkəran rayonu ərazisindəki "Xan Lənkəran" restoranının yaxınlığında Ş.Balayevlə görüşüb. Aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı H.Əlili əlindəki bıçaqla Ş.Balayevin qarın nayihəsinə bir neçə zərbə vurmaqla onu öldürüb.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.
Cinayət işi üzrə ilkin istintaq hərəkətləri həyata keçirilib, zəruri ekspertizalar təyin olunub.
Polis və prokurorluq əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində H.Əlili şübhəli şəxs qismində saxlanılıb.