Ağır günlərini yaşayan Bakının "İnter" klubu futbol tarixində ilkə imza atıb.
Unikal.org xəbər verir ki, ölkə.az-a istinadən klubdakı mənbələrdən əldə etdiyi məlumata görə, komanda yeni transfer etdiyi və müqaviləsini yenilədiyi oyunçulara yaşayış binalarında mənzil verir. Ancaq bu mənzil futbolçulara heç də havayı başa gəlmir və onlar bunun üçün məvaciblərinin yarısından keçməli olurlar:
"Bu, bir güllə ilə iki dovşan vurmaqdır. Həm transfer qiymətinə getməyən evləri soxuşdururlar, həm də maxinasiyaya əl atırlar. Həmin mənzillər bir zamanlar Cahangir Hacıyevin vaxtında Beynəlxalq Bankdan pul götürüb ev alan, sonra ödənişi edə bilməyən vətəndaşlarındır. Yəni, ödəniş olunmadığına görə, mənzilləri onların əlindən alıblar. Burada hər şeyi asanlıqla saxtalaşdırmaq olar. Tutaq ki, futbolçuyla 150 min manatlıq müqavilə imzalanırsa, ona iki otaqlı, qiyməti 75 minə olan mənzil təklif edilir. Oyunçuya 75 min pul və ikiotaqlı mənzil verilir. Sonra da asanlıqla evin qiymətini şişirdərək büdcədəki defisiti bağlamaq olar. Halbuki evin real dəyəri maksimum 50 min manatdır. Beləliklə, Beynəlxalq Bank həm evlərini satıb borclarını bağlayır, həm də real pul qazanır. Təklif etmək lazımdır ki, "İnter" PİK-i yığışdırıb İnter MTK yaratsınlar".
Mənbə bildirir ki, UEFA-da bu haqda bilsələr, heç də müsbət qarşılanmayacaq:
"Bu iş kənardan cəlbedici görünə bilər, düşünmək olar ki, evdir də. Amma arxasından oynanılan oyunlar tamam başqadır. Onsuz da klubun yeni prezidenti Rəşad Qasımov kluba gələn gündən adamı olmayan sadə insanları və "İnter"də əvvəldən çalışanların bir çoxunu işdən çıxarıb, öz qohum-əqrəbasını yerləşdirib. Bununla bağlı işçilərin bəziləri Sosial Müdafiə Nazirliyinə və Əmək Müfəttişliyinə müraciət ediblər, klub cəzalanıb. İntəhası, onlar üçün şəxsi məqsədləri daha önəmlidir".
Mövzunu diqqətdə saxlayacağıq.