Azərbaycanda avtomobillərdə oğurluq edən şəxslər yaxalanıb. 

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Xətai RPİ-nin 35-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Ə.Şıxməmmədov yanvarın 31-nə keçən gecə İ.İsmayılov küçəsində “VAZ-21099” markalı avtomobilinin dövlət qeydiyyat nişanlarının oğurlandığını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları ilə birgə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin dövlət qeydiyyat nişanlarını oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, əvvəllər məhkum olunmuş S.Rəsulov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. 

Oğurluq etdiyinə görə tutulmuş R.Novruzovun ətrafında Sumqayıt ŞPİ 1-ci PB-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun 4 avtomobildən pul və mobil telefon oğurlaması da müəyyən edilib. 

Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində 1 avtomobildən, 1 mağazadan və 1 həyətyanı sahədən inşaat materialları, mobil telefon və velosiped oğurlamaqda şübhəli bilinən Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ş.Salayev saxlanılıb.

Narkotik vasitə ilə tutulmuş R.Əliyevin ətrafında Yasamal RPİ 29-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 5 avtomobildən akkumulyator oğurlaması da müəyyən edilib.

Narkotik vasitə ilə tutulmuş S.Məhərrəmovun ətrafında Nəsimi RPİ 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun rayon ərazisində 2 avtomobildən pul və sənəd oğurlaması da müəyyən olunub. 

Araşdırma aparılır.