Nizami rayonunda əhalinin problemlərinin həlli məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən mütəmadi olaraq səyyar qəbul-görüşlər keçirilir.

Unikal.org xəbər verir ki, növbəti səyyar qəbul-görüş 13 fevral 2019-cu il tarixində 242 №-li  tam orta məktəbdə B.Nuriyev küçəsi 7, 27,15/9, Q.Qarayev prospekti 112 ünvanlarında yaşayan sakinlərlə keçirilib.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısı aparatının və 3 №-li sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov dövlət başçısının tapşırığı ilə yerlərdə keçirilən bu cür görüşlərin əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsi və operativ həllinə geniş imkan yaratdığını söyləyib.

Səyyar qəbulda sakinlər onları narahat edən məsələlərin həlli ilə bağlı Rayon İcra Hakimiyyətinin başçısına müraciət ediblər.

Vətəndaşlar yaşadıqları binaların dam örtüklərinin və pilləkən qəfəsələrinin təmir olunması, məhəllədəki ağacların budanması, parkın ətrafında piyada zolağının çəkilməsi və digər məsələləri rayon rəhbərinin diqqətinə çatdırıblar. 

Qəbulda qaldırılan məsələlər dinlənilərək sakinlərə müvafiq izahatlar verilib, mövcud problemlərin həlli üçün icra başçısı tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.