Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün rezidenturaya qəbul elan edib.
DİM-dən Unikal.org-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün namizəd 2019-cu il fevralın 14-dən 21-dək mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 manat) “Şəxsi kabinet”indəki hesabına əlavə edərək qeydiyyatdan keçə bilər.
Qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizəd 2019-cu il fevralın 14-dən 21-dək mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 manat) “Şəxsi kabinet”indəki hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə payment.dim.gov.az internet səhifəsində tanış ola bilərsiniz.
Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolundan istifadə etməklə 2019-cu il fevralın 14-dən 21-dək mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir.
Rezidenturaya qəbul olunmaq hüququna Azərbaycanda baza (əsas) ali tibb təhsili almış şəxslər, yaxud ali tibb sahəsində müəyyən edilmiş qaydada ixtisası nostrifikasiya edilmiş xarici ölkələrdə təhsil almış şəxslər malikdirlər.
Qeyd edək ki, baza ali tibb təhsili əsasında rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçirilir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı 2019-cu il aprelin 7-də, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı isə 2019-cu il iyulun 14-də keçiriləcəkdir.
Namizədlərə hər mərhələdə 100 test tapşırığı təqdim olunur. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1(bir) balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun nəticəyə) təsir göstərmir. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına topladığı bal 40 və daha çox olan namizədlər buraxılırlar. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsinə buraxılmış namizədlər tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib 2019-cu il iyunun 3-dən 10-dək qeydiyyatdan keçməlidirlər. Hər iki mərhələdə imtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.
Rezidenturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. Namizədlərin seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi bal (balların cəmi) əsasında aparılır.
Qəbul elanının tam mətni "Rezidentura" jurnalının 2-ci sayında dərc olunub. Jurnalın bu sayında namizədlərə kömək məqsədilə ixtisas fənləri üzrə test tapşırıqlarının izahı və tövsiyələr, test tapşırığı nümunələri təqdim olunur. Eyni zamanda "Rezidentura" jurnalının bu sayında müsabiqə şərtləri, “Namizədin elektron ərizəsi”nin doldurulma qaydası və onun nümunəsi də dərc edilir.