Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli özü barədə KİV-lərdə gedən məlumatlarla bağlı Unikal.org-a eksklüziv açıqlama verib.
Agentlik sədri sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə yazılanlarda hər hansı bir problem olmadığını deyib:
"Mən, cənab Prezidentin fərmanı ilə bu vəzifəyə təyin olunmuşam. Bu vəzifəyə təyin olunmamışdan 15 il öncə isə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam. Mən, Beynəlxalq bizneslə məşğulam. Özüm də ixtisasca həkiməm. Nəinki sadalanan ölkələrdə, digər ölkələrdə də tibbi innovasiyalarla, tibbi layihələrin tətbiqi ilə, tibbi sektorda müəssisələrin qurulması ilə, labarotoriyaların təchiz olunması ilə, lal-kar uşaqların reabilitasiya məsələləri ilə məşğul olmuşam, o cümlədən də Avropada. Bu barədə də rəsmi məlumatlar gedib. Mən 2017-ci ilə qədər iş adamı olmuşam, bununla da fəxr edirəm. Dünyanın bir sıra ölkələrində iri şirkətlərin təmsilçisi olmuşam. İş adamı olmaq qəbahətdir? Eyni zamanda, Qarabağ müharibəsi veteranıyam. Qarabağda sağlamlığını itirmiş qardaşlarımızın reabilitasiyasına kömək etmişəm. Bu işlərdə bir qəbahət varmı? Mənim təyinatım olanda rəsmi məlumat getmişdi ki, illərdir özəl bizneslə məşğul olmuşam. Mən fəxr edirəm ki, öz əməyim və zəhmətimlə biznes sahəsində, tibbi sahələrdə öz işimi qurmuşam".
Ülvi Rzazadə