Son illər Azərbaycanda ən çox tənqid olunan şirkətlərdən biri olan "Azərbaycan Hava Yolları"yla (AZAL) bağlı sərnişinlərin şikayəti durmadan artır.
Məlum olduğu kimi, keçən il Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyevin AZAL-ın bahalı qiymət siyasəti ilə bağlı kəskin iradlarından sonra şirkət imitasiya etmək üçün işlər görməyə başladı.
Belə ki, öncə 99 avroluq uçuşlar həyata keçirən AZAL, sonra bu uçuşların qiymətini əvvəlki qiymətlərlə eyniləşdirmək üçün təyyarələrdə yemək və baqajı ödənişli etdi.
Ən çox İstanbul, Moskva və Dubay reyslərini həyata keçirən şirkət baqaj və yeməyi ödənişli etməklə yenə də itirdiyi məbləği geri qaytarmış oldu. Bir müddət mətbuatda şirkətlə bağlı yayılan neqativ yazılardan sonra AZALJET-lərdə isti yeməklərin verilməsi bərpa edildi. Bura isə isti yemək və su daxildir. Digər içkilər və yeməklər isə ödəniş əsasında sərnişinlərə təqdim edilir.
Bundan başqa şirkət digər rəqibi olan "Türk Hava Yolları"nı bazarda sıxışdırmaqla ikincinin qarşısına İstanbul biletlərinə fantastik qiymətə satmaqdan başqa çarə buraxmadı.
"Azaljet"lə uçmasan geri də qayıda bilməyəcəksən"
Prezidentin "qiymətləri təəcili endirin" tənqidindən sonra AZAL rəhbərliyi tələsik aşağı büdcəli brendin – "AZALJET"in uçuşlarına başladı. "AZALJET"də uçuş qiymətinə yalnız 8 kiloqramlıq əl baqajı daxildir.
Digər hər 23 kiloqramlıq baqaja görə müştərilər əlavə 20 avro ödəməlidirlər.
Amma bu o zaman mümkündür ki, baqaj üçün ödəniş əvvəlcədən verilsin.
Hava limanında baqaja görə ödəniş 5 avro daha artıq olur. Yəni, hər 23 kiloqramlıq yükə görə 25 avro ödəmək lazım gəlir. Təyyarədə yemək isə 5-8 avroya başa gəlir.
Bütün bunlar "AZALJET"in rəsmi "azaljet.az" adlı internet səhifəsində də yazılıb. Ancaq uçuşlar zamanı sərnişinlərə yazılmayan qaydalar tədbiq edilir və bununla şirkət istədiyi formada hərəkət etmiş olur.
Unikal.org xəbər verir ki, AZXEBER.COM-un redaksiyasına müraciət edən, Nərgiz Qurbani adlı şikayətçi də məhz "AZALJET"in yazılmayan qaydalarından əziyyət çəkən sərnişinlərdən biridir.
Türkiyədə təhsil alan xanımın sözlərinə görə, o Bakıda olarkən "AZALJET"lə öncədən gediş-dönüş biletini alıb. Biletin alışı zamanı "bu bilet dəyişdirilə və qaytarıla bilməz" şərti ilə razılaşıb ödənişini edib:
"Daha sonra isə biletimi dəyişmək qərarına gəldim. Adığım biletin dəyişdirə bilən bir bilet olmadığını görüb, yenidən bir bilet sifariş verib İstanbula gəldim. 13 iyun tarixində Bakıya dönüş biletimdir. Mənə isə şirkət tərəfindən "Nərgiz xanım, birinci istiqamət istifadə olunmadığı halda, bilet batmış sayılır" deyə mesaj göndərilib. Yəni dönüş biletimdən istifadə edə bilməyəcəm".
Sərnişinin sözlərinə görə, şirkət rəsmiləri bunu Bakıdan İstanbula olan uçuşun həyata keçirilməməsi ilə izah ediblər. Nəticə etibari ilə əgər uçuş həyata keçirilməyibsə, öncədən alınan qayıdış bileti də ləğv olunurmuş:
"Düşünün, siz gediş-dönüş bileti almısınız və getmirsiniz. Amma gedişin və dönüşün pulunu öncədən vermisiniz. Necə ola bilər ki, siz pulunu öncədən ödədiyiniz dönüş biletindən istifadə edə bilməyəsiniz? Axı burada heç bir məntiq yoxdur. Birdəki, axı ödəniş edilib və bu təyyarədə bir yer mənə məxsus olmalıdır".
N.Qurbani AZAL-ın internet səhifəsində və biletin alışı zamanı heç bir yerdə bu haqda məlumat olmadığını qeyd edib:
"Qeyd edim ki, bileti almadan öncə onlayn olaraq məlumat əldə edirsiz. Yəni qarşınıza xüsusi cədvəl çıxır. Sonra o məlumatlara uyğun biletin sinif seçimini edirsiz. Həmin cədvəldə isə tarixi dəyişdirməyə icazə verilmədiyi qeyd olunsa da, getmədiyiniz halda gəlmək olmaz deyə heç bir məlumat yazılmır".