Dövlət Gömrük Komitəsi ötən gün sosial şəbəkələrdə gömrük orqanı əməkdaşlarının vətəndaşa qarşı kobud rəftar etməsi iddiası ilə bağlı yayılmış video-görüntü haqda açıqlama verib.

Komitədən Unikal.org-a verilən məlumata görə, görüntülər həqiqəti əks etdirmir və məqsədli şəxslər tərəfindən gömrük orqanlarının fəaliyyətinə kölgə salacaq şəkildə hazırlanıb:

“Videotəsvirlərdə əks olunan hadisə bu il martın 19-da Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Biləsuvar rayon sakini Əbdürrəhmanov Niyaməddin Rafiq oğlunun gömrükçülərin haqlı tələblərinə məhəl qoymayaraq gömrük qanunvericiliyini və ictimai asayişi pozma cəhdi nəticəsində baş verib.

Postun idxal-piyada xəttinə daxil olan Niyaməddin Əbdürrəhmanovun gətirdiyi mallara gömrük baxışı zamanı onun bu il mart ayının 14-də də ölkə ərazisinə ərzaq məhsulları və tütün məmulatları gətirdiyi müəyyən edilib. Buna görə də həmin şəxsə Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən müəyyən olunmuş miqdardan artıq mal gətirdiyi bildirilib və qanunvericiliyə əsasən normadan artıq olan malların saxlanca verilməsi təklif olunub.

 Dəfələrlə aparılan izahat işlərinə baxmayaraq gömrükçülərin haqlı tələblərinə məhəl qoymayan şəxs onları nalayiq ifadələrlə təhqir edib, soyuq silah - bıçaqla əvvəlcə özünə xəsarət yetirəcəyini bildirib, daha sonra postda xidmət aparan gömrük əməkdaşlarına fiziki təzyiq göstərib. Üstəlik, həmin şəxs hadisə zamanı idxal-sərnişin xəttindəki vətəndaşları da gömrükçülərə qarşı etiraza çağırıb və bir müddət gömrük postunun fəaliyyət rejimini pozub.

Bu səbəbdən gömrük əməkdaşları qanunvericiliyə uyğun olaraq həmin şəxsi məcburi qaydada piyada-idxal xəttindən uzaqlaşdırıb və bu zaman həmin şəxsə qarşı fiziki zərbə və ya digər hərəkət tətbiq edilməyib. Vətəndaşın döyülməsi ilə bağlı iddialar isə ümumiyyətlə həqiqətə uyğun deyil”.

Qeyd edilib ki, artıq N.Əbdürrəhmanovun  hüquqazidd əməllərinə qiymət verilməsi və barəsində müvafiq tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edilib.

“Dövlət Gömrük Komitəsinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin müşahidə kameraları vasitəsilə Niyamədddin Əbdürrəhmanovun hərəkətləri videoyazıya alınıb. Kadrlardakı xüsusi işarələnmiş hissələrdə soyuq silah - bıçağı və həmin şəxsin hərəkətlərini aydın şəkildə görmək mümkündür”.