Bakı Apellyasiya Məhkəməsində "Oazis" restoranında xuliqanlıq etməkdə təqsirləndirilən Bakı şəhər sakinləri Məmmədov Camal Mahir oğlu, Abdullayev Ravid Yusif oğlu, Əsgərov Zaur Mahir oğlu, Şəki rayon sakini Adıgözəlov Kənan Mehman oğlu, Sumqayıt şəhər sakini Tumasov Emil Rafiq oğlu və Gürcüstan Respublikası vətəndaşı Tomayev Azad Nizami oğlu barələrində olan hökmdən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
Unikal.org report-a istinadən bildirir ki, hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, Z.Əsgərovun ittiham olunduğu Cinayət Məcəlləsinin (CM) 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi CM-in 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddəsinə tövsif edilib və o, islah işləri cəzasına məhkum olunub.
Z.Əsgərov məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, hadisə 2014-cü ilin sentyabr ayının 2-də, gecə saat 22:00 radələrində, Binəqədi rayonu, Ş.Məmmədova küçəsi 24 ünvanında yerləşən "Oazis" restoranında baş verib. Həmin restoranda övladının ad gününü keçirən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Əsgərov Zaur Mahir oğlu onların masasında əyləşən digər tanışı Sumqayıt şəhər sakini, 1987-ci il təvəllüdlü Tumasov Emil Rafiq oğlunun ünvansız söyüş söyməsinə ofisiant Adıgözəlov Rəhman Mehman oğlu kobud normada irad bildirib. Z.Əsgərovla E.Tumasov və onların digər tanışı, Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Abdullayev Ravid Yusif oğlu restoranda R.Adıgözəlovla mübahisə zamanı onu döyüblər. Həmin şəxslər xidmətçinin baş nahiyəsinə yumruq zərbələr endiriblər və onun sağlamlığına yüngül zərər vurublar.

Bu zaman restoranda ofisiant işləyən Şəki rayon sakini, 1995-ci il təvəllüdlü Adıgözəlov Kənan Mehman oğlu qardaşı R.Adıgözəlovun döyülməsini görüb, hadisə yerinə yaxınlaşıb. O, burada R.Abdullayevə xəsarət yetirərək, qardaşını həmin şəxslərin əlindən alıb.
Daha sonra hadisə yerinə restoranda mühafizəçi vəzifəsində çalışan Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Məmmədov Camal Mahir oğlu və baş inzibatçı vəzifəsində işləyən Gürcüstan Respublikasının vətəndaşı, 1983-cü il təvəllüdlü Tomayev Azad Nizami oğlu gəlib. Restoran işçiləri qanlı dava zamanı qonaqlardan E.Tumasovun sağlamlığına yüngül zərər vurublar. Hadisə yerinə Binəqədi Rayon Polis əməkdaşları gəlib. Yaralı şəxslər xəstəxanaya yerləşdiriliblər.
C.Məmmədov, R.Abdullayev, E.Tumasov və A.Tomayev CM 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), K.Adıgözəlov CM-nin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və Z.Əsgərov 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə ittiham olunublar.

2015-ci ilin iyun ayında Binəqədi Rayon Məhkəməsinin qərarı ilə C.Məmmədov, K.Adıgözəlov, R.Abdullayev 9 ay 7 gün müddətinə şərti olaraq azadlıqdan məhrum edilib. E.Tumasovla A.Tomayevin qazancından 20 faiz tutulmaqla 2 il müddətinə şərti olaraq islah işləri cəzasına məhkum olunub. Məhkəmə Z.Əsgərova isə 2 il sınaq müddəti ilə şərti cəza tətbiq edib.
Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, təqsirləndirilən E.Tumasov isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində keçirilən ilkin prosesdə təqsirləndirilən şəxslərin müdafiəçiləri məhkəmənin istintaqla aparılması barədə vəsatət verib. Lakin hakimlər vəsatəti təmin etməyib. Vəkillər həmin qərardan kassasiya şikayəti verib. Ali Məhkəmə isə kassasiya şikayətini təmin etməyib. İşə yenidən Bakı Apellyasiya Məhkəməsində baxılan zaman Z.Əsgərov barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.