Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İtaliya – Azərbaycan Dizayn Mərkəzinin açılış mərasimi olub. Mərasimdə Təhsil naziri Ceyhun Bayramov, İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov iştirak edib.
Unikal.org xəbər verir ki, qonaqlar arasında Milan Politexnik Universitetinin Dizayn kafedrasının rəhbəri, professor Silvia Piardi, Dizayn Məktəbinin dekan müavini Francesco Zurlo, professor Mauro Cecenello, dosent Silvia Gramegna və müxtəlif qurumları təmsil edən nümayəndələr də olub.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova giriş sözü ilə tədbiri açaraq gələn qonaqları salamlayıb. Rektor ötən ilin iyul ayında Azərbaycan və İtaliya prezidentlərinin görüşündə iki ölkə arasında bir çox sahədə əməkdaşlıq sənədlərinin imzalandığını, eləcə də AzMİU ilə Milan Politexnik Universiteti arasında Anlaşma Memorandumunun imzalandığını yada salıb. Gülçöhrə Məmmədova qeyd edib ki, həmin sənəddən irəli gələn məsələlərdən biri AzMİU-nun nəzdində İtaliya - Azərbaycan Dizayn Mərkəzinin yaradılması təşəbbüsü olub. Rektor mərkəzi yaratmaqda məqsədin ölkəmizdə dizayn ixtisası üzrə təhsil alan savadlı, bacarıqlı mütəxəssislər yetişdirmək, dizayn təhsilinin İtaliya dizayn təhsili səviyyəsinə yüksəlməsinə çalışmaq olduğunu vurğulayıb. “Yaradılan dizayn mərkəzi məhz Azərbaycanda ali dizayn təhsilinin İtaliya nümunəsi üzərində qurulmasına şərait yaradacaq və baza rolunu oynayacaq”.
Gülçöhrə Məmmədova AzMİU-da dizayn ixtisasını modernləşdirmək üçün təhsil proqramlarını da italyanların proqramına uyğunlaşdırmağın vacibliyini və bu istiqamətdə müəyyən işlər görüldüyünü bildirib. Rektor bu il ilk dəfə olaraq dizayn ixtisası üzrə ingilis dilli tədrisin aparıldığını, bununla da ilkin addımların atıldığını söyləyib. AzMİU-nun və Milan Politexnik Universitetinin birgə həyata keçirdiyi layihənin 2 il müddətində gərçəkləşdiriləcəyini, lakin gələcəkdə bu müddətin artırılması, ikili diplom proqramların həyata keçirilməsinin qarşıya məqsəd olaraq qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Rektorun geniş və əhatəli çıxışından sonra Təhsil naziri Ceyhun Bayramov yeni mərkəzin açılması münasibəti ilə AzMİU kollektivini təbrik edib, professor-müəllim heyətinə yaradıcılq uğurları arzulayıb. Nazir ümidvar olduğunu bildirib ki, mərkəz ölkəmizdə dizayn ixtisasının daha yüksək səviyyəyə qaldırılmasına və inkişaf etdirilməsinə böyük töhfə verəcək. “Sevindirici haldır ki, bu gün ölkəmizdə bir neçə ali təhsil müəssisəsində dizayn ixtisası üzrə kadrlar hazırlanır. Ümid edirəm ki, bu mərkəzin imkanlarından nəinki AzMİU-nun müəllim, tələbə heyəti, həm də ölkəmizdə fəaliyyət göstərən təhsil müəssisəsinin əməkdaşları, müəllim və tələbə heyəti faydalana biləcəklər”.
İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarini də təbriklərə qoşulub, yaradılmış mərkəzin dizayn ixtisasında oxuyan tələbələrin mütəxəssis kimi yetişməsində böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. İtaliyadan gələn qonaqlar - Milan Politexnik Universitetinin Dizayn Məktəbinin dekan müavini Francesco Zurlo, Dizayn kafedrasının rəhbəri Silvia Elvira Maria Piardi də çıxış edərək Mərkəzin açılmasını yüksək qiymətləndiriblər.
Çıxışlardan sonra mərasim iştirakçıları dizayn ixtisasında təhsil alan tələbələrin italyan müəllimlərin rəhbərliyi altında keçirilən vorkşopda hazırladığı layihələrin təqdimatına baxıblar.
İtaliya Azərbaycan Dizayn Mərkəzinin direktoru Könül Şirin qonaqları mərkəzin Sürətli Prototipləşdirmə Laboratoriyası, Maket studiyası və Ağac Emalatxanası ilə tanış edib, burada görüləcək işlər barədə məlumat verib. Mərasimin sonunda qonaqlar Memarlıq fakültəsinin dərslərinə də baş çəkib, dərs prosesi ilə maraqlanıblar.