Bakının baş toksikoloqu yayda açıq havada istirahətə üstünlük verən və "piknik"i sevən valideynlərə övladlarını nəzarətsiz qoymaması ilə bağlı xəbərdarlıq edib.
Unikal.org xəbər verir ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev Trend-ə açıqlamasında bildirib ki, uşaqların kimyəvi zəhərlənməsi təsadüf nəticəsində və valideyn nəzarətsizliyi şəraitində baş verir.
Onun sözlərinə görə, yalnız 2018-ci ildə Azərbaycanda bütün kimyəvi zəhərlənmə hallarının 17 faizi yaşı 14-dək olan uşaqların payına düşüb. Bunların əksəriyyəti təsadüfi zəhərlənmələrdir:
"Yayda insanlar bağlara köçür və açıq şəraitdə kabab bişirirlər. Çox zaman böyük yaşlı insanlar neft məhsullarını nəzarətsiz qoyurlar və bu da uşaqların əlinə keçir. Uşağın bir udum neft içməsi onun sağlamlığı üçün həyatı təhlükə yaradır. Bu, uşaqlarda çox ağır toksiki pnevmaniyaya səbəb olur. Ona görə də uşaq hətta bir udum neft məhsulu içsə belə, onu təcili xəstəxanaya aparmaq lazımdır. Çünki birinci sutkada uşaqda təhlükəli əlamətlər hiss edilmir. Amma 2 və 3-cü günlərdə uşaqda ağır zəhərlənmə halları, pnevmaniya başlayır və xəstəlik inkişaf edir. Bu, hətta ölümlə də nəticələnə bilər. Ona görə də valideynlər bilməlidirlər ki, uşaq bir az belə neft içsə də, onu dərhal xəstəxanaya-toksikologiya şöbəsinə aparmaq lazımdır".
İ.Əfəndiyev qeyd edib ki, bəzən valideynlər uşaqların sırf neft qəbulundan sonra sətəlcəm olmasından şübhələnməyərək, onların soyuqladığını düşünür və onu zəhərlənmədən 2-3 gün sonra toksikoloqa deyil, qeyri-ixtisas həkiminin yanına aparırlar. Bu isə xəstəliyi daha da inkişaf etdirir:
"Valideynlər bilməlidirlər ki, bu halda uşaqda infeksiyon deyil, toksiki pnevmaniya baş verir. Buna görə də uşağı gecikdirmədən lazımi mütəxəssisin yanına aparmaq lazımdır ki, ağırlaşmalar daha da artmasın".
Toksikoloq neft məhsullarından zəhərlənmə hallarının xüsusilə 4-6 yaşlı uşaqlar arasında baş verdiyini söyləyib.
İ.Əfəndiyev qeyd edib ki, 2017-ci ildə 21 uşaq, 2018-ci ildə 20 uşaq neft məhsullarının qəbulundan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.
O, uşaqların marağını nəzərə alaraq, valideynlərə neft məhsullarını azyaşlıları özünə cəlb edən içki şüşələrində saxlamamasını da tövsiyə edib: "Yandırıcı məhlulları heç zaman belə qabların içində saxlamaq olmaz. Uşaqlar elə bilirlər ki, o qabların içində su, yaxud kompot var, susuz olduqda onu dərhal götürüb içirlər və bu da zəhərlənməyə səbəb olur".