Yay istirahəti deyəndə çoxumuzun ağlına Türkiyə, ordakı istirahət bölgələri gəlir. Amma bugünlərdə Türkiyə həm də terror məkanı olaraq yada düşür. İstanbulda, Ankarada bir-birinin ardınca baş verən terror hadisələri insanların gözünü qorxudub. Odur ki, bu qorxu ilə çox adam Azərbaycandakı istirahət mərkəzlərinə seçimlər arasında üstünlük verir.
Unikal.org xəbər verir ki, "Yeni Müsavat"ın yazdığına görə, bu günə qədər ölkənin istirahət bölgələrində də insidentlər az olmayıb. Nabrandakı istirahət mərkəzlərinin birində hovuzda lazımi təhlükəsizlik tədbiri görülmədiyi üçün ayağını itirən azyaşlı körpə, "Atlant"da baş verən silahlı atışma, eləcə də bəzi istirahət mərkəzlərində aparılan yoxlamalar zamanı üzə çıxan neqativ hallar... Sonuncu daha çox qida təhülkəsizliyi ilə bağlı normativlərin pozulması ucbatından baş verir.
Bəs necə edək ki, tətil zəhərə dönməsin? Daha doğrusu, təhlükəsiz istirahətin normaları nələrdir?
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış "Mehmanxana və mehmanxana tipli obyektlərin təsnifatı, ulduz kateqoriyalarının müəyyənləşdirilməsi və qiymətləndirmədə meyarların tətbiq edilməsi barədə" Dövlət Standartını təsdiq edib. Standart "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın icrasını təmin etmək məqsədilə "Turizm və yerdəyişmə vasitələrinin xidmətləri" üzrə Texniki Komitə tərəfindən hazırlanıb. Sənəddə mehmanxana və mehmanxana tipli obyektlərin qiymətləndirmə meyarlarının tətbiq edilməsinin məqsədləri, xidmətlərin səviyyəsinə dair vahid qiymətləndirmə metodikasının istifadəsi, obyektiv təsnifatın aparılması, təsnifat üzrə xidmətlərin monitorinqinin həyata keçirilməsi, mehmanxana və mehmanxana tipli obyektlərin seçimində istehlakçıya kömək göstərilməsi və s. məsələlərlə yanaşı, mehmanxana və mehmanxana tipli obyektlərdə təhlükəsizlik tədbirlərinin tənzimlənməsi də öz əksini tapıb. Artıq mehmanxana və mehmanxana tipli obyektə ulduz verilərkən orada təkcə xidmət səviyyəsi, müasir standartlara cavab verən avadanlıqlar yox, eyni zamanda bu avadanlıqların mühəndis, kommunal və idarəetmə sistemlərinin effektivliyi də nəzərə alınır.
Turizm üzrə ekspert Fərman Əliyev deyir ki, bu məsələdə əsas yük turizm şirkətlərinin üzərinə düşür. Belə ki, turizm şirkətləri əsasən lisenziya alan turizm obyektləri ilə işləsə, ortaya neqativ hallar çıxmaz. Nədən ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılan monitorinqlərdə təkcə qiymət və keyfiyyət yox, eyni zamanda təhlükəsizlik, qidalanma və s. nəzərə alınır.
Bu da lisenziyanın verilməsi zamanı əsas rol oynayır. İşıq şitlərinin quraşdırılması zamanı, yanğınsöndürmə sistemi, ərazinin ümumi mühafizəsi və bura kənar şəxslərin daxil olmasının qarşısı alınmalıdır. Xüsusilə uşaqların oynadığı ərazilərə təsadüfi insanların girişinə imkan verilməməlidir. Ekspert hesab edir ki, bəzi turizm şirkəti rəhbərləri faizlə işlədikləri üçün təhlükəsizlik tədbirlərinə önəm verməyən, hətta adı "qara siyahı"da olan hotellərə müştəri göndəririlər ki, bu da öz növbəsində cinayət sayılır.
İstirahət mərkəzlərində əməl olunmalı təhlükəsizlik qaydaları var: 1. Təyin olunmuş tur marşrutunu pozmamaq, 2. Hotelin daxili qaydalarına hörmətlə yanaşmaq, 3. Texniki təhlükəsizlik qaydalarına riayət etmək (qolf, qayıq gəzintisi, atraksionlardan istifadə), 4. Partlayıcı, pirotexniki malları, tez alışan maddələri içəri keçirərkən (ondan istifadə etməzdən öncə) mühafizə xidmətinə məlumat vermək, 5. Uşaqları heç bir zaman tək buraxmamaq.
Bundan başqa, nəzərə almaq lazımdır ki, yerli hotellərdə təhlükəsizlik həm hotelin daxili mühafizə xidməti tərəfindən, həm də DİN-in Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən mühafizə olunur. İstirahət və tətil hotelləri həm koorporativ müştəriləri, həm də qonaqları qəbul edir. Ona görə də buradakı hotellərə daxil olan müştərilərin qeydiyyatı aparılmalı, avtomobillər yeraltı dayanacağa daxil olduqda altı, baqaj yeri, eləcə də əllərində olan çantalar detektorlar vasitəsilə yoxlanılmalıdır.
Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov isə mediaya açıqlamasında bildirib ki, istirahət mərkəzlərinin fəaliyyətini, o cümlədən onlarda təhlükəsizlik məsələlərinin təşkili vəziyyətini öyrənmək üçün Mədəniyyət və Turizm Nazirliyi AZTA tərəfindən il ərzində 2 dəfə monitorinq keçirilir.
Lakin assosiasiya rəsmisi hesab edir ki, istirahət mərkəzlərində təhlükəsizlik məsələsinin təminində yalnız bir deyil, bir neçə qurum iştirak etməli, hər bir rayonda müvafıq yerli orqanlar bu məsələlərə daim nəzarət etməli, mərkəz rəhbərləri işçilər arasında texniki təhlükəsizlik məsələləri ilə bağlı müsahibələr keçirməlidirlər.