56 il bundan əvvəl “Ulduz” filmində Məhəmmədlə Züleyxanın tanışlıq səhnəsində gördüyümüz ləm XIX əsrdə inşa olunub. Orijinallığı ilə diqqəti cəlb edən bu ləm indi cənub bölgəsinə gələn turistlərin üz tutduğu maraqlı məkanlardandır.
Unikal.org AZƏRTAC-a istinadən xəbər verir ki, Məhəmməd və Züleyxanın səhnəsi kimi tanınan dialoq 1963-cü ildə Astara rayonunun Ərçivan qəsəbəsində bu həyətdə inşa olunan ləmdə çəkilib.
Qəsəbə sakini Əsədulla Musayev deyir ki, turistlərin böyük maraq göstərdiyi ləmi babası tikib: “Babam bu ləmi yayın istisindən qorunmaq və istirahət etmək üçün inşa etmişdi. Buna biz tərəfdə yay evi də deyirlər.
Onun sözlərinə görə, rayona gələn istər yerli, istərsə də xarici turistlər burada şəkil çəkdirirlər: “Bu tarixi tikili onları çox təəccübləndirir. Ümumi sahəsi 40 kvadratmetr olan ləmin damı ilk əvvəllər su buraxmayan bitkilərlə, o cümlədən lığ, küləş və ya qamışla örtülmüşdü. Sonralar qamışı daha orijinal tikinti materialı olan kirəmit əvəzlədi. Ləmi tikən ustalar elə hesablayıblar ki, burada daim hava axını olur”.
Bir əsrə şahidlik edən 112 yaşlı tarixi ləmin tikintisində sementdən deyil, yumurta sarısından və küldən istifadə olunub. Üzərindəki taxtalar isə bir-birinə mismarsız bərkidilib.
Məktəblilər də ləmi tez-tez ziyarət edirlər. Ərçivan qəsəbə 3 saylı tam orta məktəbin müəllimi İbrahim Həşimov deyir ki, şagirdləri mütəmadi olaraq, gəzintilərə aparır, tarixi abidələrlə tanış edir. Bu gün də ləmə baxmaq üçün gəliblər. “Burada vaxtilə “Ulduz” filmi çəkilib. Bu, şagirdlərin marağını cəlb edir. Onlar bu tarixi abidə ilə həvəslə tanış olurlar”, - deyə o bildirib.
Mədəniyyət Nazirliyinin qeydiyyata aldığı ləm hazırda tarixi abidə kimi qorunur. XVIII-XIX əsrlərdən qalan bu cür tikililərə daha çox Astara, Lənkəran və Masallı rayonlarında rast gəlinir. Vaxtilə təkcə Ərçivanda 40-dan çox ləm olub. Sonradan isə baxımsızlıq ucbatından bu ləmlərin əksəriyyəti sıradan çıxıb.