14 iyunda Dövlət Rəssamlıq Akademiyasında Nərimanov Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının, Rəssamlıq Akademiyasının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin, YAP Nərimanov rayon təşkilatının, Rəssamlıq Akademiyasının rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri və fəal gənclər iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev 1993-cü ilin may–iyun aylarında Azərbaycanda yaranmış kəskin ictimai – siyasi vəziyyət və kriminal şəraitin ölkəni iflic vəziyyətə salmasından danışaraq, həmin dövrdə vəziyyətin son dərəcədə təhlükəli xarakter aldığını, ciddi siyasi hakimiyyət böhranının yarandığını, ölkənin fəlakət qarşısında qaldığını bildirib. Daha sonra qeyd edib ki, həmin dövrdə Heydər Əliyev kimi qətiyyətli, dünya miqyasında tanınan və xalqı öz arxasınca aparmağa qadir olan lider hakimiyyətə gəlməsəydi, hadisələr olduqca təhlükəli və gərgin bir məcrada davam edə bilərdi.
Daha sonra çıxış edən Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov və YAP Nərimanov Təşkilatının sədri Təmraz Tağıyev qeyd ediblər ki, Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə tarixi qayıdışının 26-cı ildönümü ölkəmizin hər yerində, habelə respublikamızın hüdudlarından kənarda, xarici ölkələrdə də böyük coşqu və təntənə ilə qeyd edilir.