Balakən sakinlərinə şad xəbər: artıq Balakən sakinləri də daşınmaz əmlakla bağlı xidmətlərdən müasir şəraitdə istifadə edəcəklər. Belə ki, vətəndaş məmnunluğunu ön planda tutan Əmlak Məsələləri Dövlət Komitəsi yeni inşa edilmiş ərazi ofisini 21 iyun tarixində Balakən rayonunda istifadəyə verib. Yeni binada daşınmaz əmlakın qeydiyyatı xidmətlərinin göstərilməsi ilə yanaşı, sakinlərin kadastr, dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, icarəyə verilməsi və digər məsələlər ilə bağlı müraciətləri daha operativ və əlçatan formada qəbul ediləcək. Komitə tərəfindən göstərilən xidmətlərin bir ofisdə toplanması əhalinin əlavə ünvanlara getmədən rahat müraciətinə şərait yaradacaq.
Unikal.org xəbər verir ki, yeni ərazi ofisində fəaliyyət müasir əsaslarla qurulub. Belə ki, tətbiq edilən müvafiq informasiya sistemləri, kommunikasiya avadanlıqları və texnologiyaları ilə mükəmməl fəaliyyət prosesi təmin edilib. Burada xidmətlərin çevik formada göstərilməsinə səbəb olan amillərdən biri də ixtisaslı və peşəkar kadrların cəlb olunmasıdır.
Ərazi ofisi 100 mindən artıq sakini olan Balakənin 1 şəhər, 1 qəsəbə, 17 kənd inzibati-ərazi vahidini əhatə edəcək. Gün ərzində xidmət ofisində 100-ə yaxın sakinə daşınmaz əmlak ilə bağlı xidmətlər göstəriləcək. Bu da həmin ərazidə yaşayan sakinlərin əlavə vaxt sərf etmədən daşınmaz əmlakın qeydiyyatı, sənədlərin təqdim olunması, texniki sənədlərin alınması, özəlləşdirmə, hərraclarda iştirak, kadastr və digər məsələlərlə bağlı müraciətinə imkan verəcək.
Qeyd edək ki, ərazi ofisi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin daxili imkanları hesabına inşa edilib. İki mərtəbəli bina müasir dizayn üslubunda tikilib, xidmət binasının ətrafında göz oxşayan yaşıllıq salınıb. Birinci mərtəbədə yeni üslubda xidmət zonaları, daşınmaz əmlakın qeydiyyatı və sənəd qəbulu üçün bölmələr mövcuddur. Vətəndaşlar dövlət əmlakının özəlləşdirilməsi, icarəyə verilməsi, hərraclarda iştirak və digər məsələlər ilə bağlı digər mərtəbədəki bölmələrə müraciət edə biləcək. Eyni zamanda burada sakinlər üçün təmənnasız hüquqi yardım almaq imkanı yaradılıb. Belə ki, hüquqi yardım masasında mütəxəssislər tərəfindən bölgə sakinlərinin sualları cavablandırılacaq, onlara hüquqi məsləhətlər veriləcək. Bu imkanlar vətəndaşlara sürətli və keyfiyyətli xidmətin göstərilməsinə və şəffaflığın təmin olunmasına yönəlib.
Yeni binada ümummilli lider Heydər Əliyevlə bağlı guşə yaradılıb. Guşədə ulu öndərin Balakən rayonuna səfərlərini, rayonda keçirdiyi görüşləri və tədbirləri əks etdirən fotostendlər qurulub. Eyni zamanda ölkə başçısı İlham Əliyevin də rayona gəlişini, vətəndaşlarla ünsiyyətini əks etdirən fotostendlər yer alıb.
Vətəndaşların daşınmaz əmlakın qeydiyyatı üzrə məlumatlanması məqsədilə ərazi ofisində elektron monitor və müasir İKT avadanlığı quraşdırılıb. Burada xidmətlərlə bağlı tələb olunan sənədlərin siyahısı, dövlət rüsumları və xidmət haqları ilə tanış olmaq mümkündür. Eyni zamanda sakinlərin izahedici monitorlar vasitəsilə elektron xidmətlər barədə məlumatlanması və onlardan istifadəsi təmin edilib.
Balakən şəhəri, Səttar Gözəlov 4B ünvanında yerləşən xidmət binası istifadəyə verildiyi gün sakinlərə qeydiyyat xidmətləri də göstərilib. Belə ki, daşınmaz əmlaklarını qeydiyyata almaq istəyən vətəndaşlar ilkin sənədlərini təqdim edib. Sakinlər yaradılan bu imkanlardan razılıqlarını ifadə edərək bildiriblər ki, yaşadıqları rayonda belə ofisin olması onların rahatlıqla xidmətlərdən istifadəsini təmin edəcək.