Azərbaycan Turizm və Menecment Universitetinin əməkdaşları Aynur Bağırlı və Sənubər Qənbərova Qazaxıstan Respublikasının Taraz şəhərində keçirilən V Beynəlxalq Türk Dünyası Turizm Simpoziumunda iştirak ediblər.

Unikal.org xəbər verir ki, sözügedən beynəlxalq tədbirə Qazaxıstan, Turkiyə, Qırğızıstan, Azərbaycan, Özbəkistan, Rusiya və digər ölkələrin aparıcı ali məktəblərinin professor-müəllim heyəti, eləcə də turizm təşkilatlarının nüfuzlu nümayəndələri qatılıb. 9 ölkənin 20-dən çox ali təhsil müəssisəsi təmsilçilərinin iştirakı ilə keçirilən VBeynəlxalq Türk Dünyası Turizm Simpoziumunda ATMU-nun əməkdaşı  Aynur Bağırlı “Gənclərin məşğulluğunun təmin edilməsində turizmin rolu” mövzusunda ilə çıxış edib. Məruzəçi gənclərin işsizlik probleminin həlli yolları, turizm sektorunda gənclərin yeri, Azərbaycanda gənclərin işlə təminatında turizmin rolu və sair məsələrə aydınlıq gətirib. Sənubər Qənbərova isə “Azərbaycanın cənub rayonlarında turizmin inkişafı” (Masallı rayonunun timsalında) adlı məruzəsində ölkəmizin cənub bölgəsinin turizm potensialı müstəvisində Masallı rayonunun tarixi-memarlıq abidələri, turizm destinasiyaları və rayonun adət-ənənələrindən ətraflı bəhs edib. ATMU-nun hər iki əməkdaşı-A.Bağırlı və S.Qənbərova-adıçəkilən tədbirdə Azərbaycanın timsalında ATMU-nun fəaliyyətini əks etdirən tanıtım-videoçarxın nümayışi ilə yanaşı, eyni zamanda Qarabağ həqiqətlərindən də danışıblar.

Plenar iclasla başlayan tədbir öz fəaliyyətini bölmə iclaslarında davam etdirib. Sonda tədbir iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd etmək lazımdır ki, I Beynəlxalq Türk Dünyası Turizm Simpoziumu ilk dəfə 2015-ci ildə Türkiyənini Kastamonu şəhərində, sonrakı illərdə Qazaxıstanın Almatı, Qırğızıstanın Bişkek və yenidən Türkiyənin Kastamonu şəhərində  olub. Növbəti- 6-cı beynəlxalq simpoziumun 2020-ci ildə Türkiyənin Pamukkale şəhərində keçirilməsi nəzərdə tutulur.