Bu gün Azərbaycan Dillər Universitetinin (ADU) Təhsil fakültəsində 2018/2019-cu tədris ilinin yaz semestrinin yay imtahan sessiyasını müşahidə etmək məqsədilə mediatur təşkil olunub. 2018/2019-cu tədris ilinin yaz semestrinin yay imtahan sessiyasını müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə ADU-nun rektoru akademik Kamal Abdullayev tərəfindən müvafiq əmr imzalanıb. İmtahan sessiyası əyani şöbədə 3 iyun 2019-cu ildən 5 iyul 2019-cu ilədək davam edəcək.
Unikal.org xəbər verir ki, imtahanlararası müddət minimum 2 gün, imtahanlara ayrılmış vaxt 3 saat müəyyənləşdirilib.
Əmrdə imtahan sessiyasının mövcud normativ sənədlərə uyğun təşkil olunaraq beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, biliyin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, həmçinin imtahanlarda baş verə biləcək neqativ halların qarşısını almaq üçün tədbirlərin görülməsi, imtahan nəzarətçiləri və fənn müəllimləri ilə hər bir imtahandan əvvəl müvafiq izahat işləri aparılması, tələbələrin müraciətləri əsasında imtahanların nəticələri üzrə apellyasiya ərizələrinə baxılmasının növbəti imtahana qədər təşkil edilməsi, eyni zamanda sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək etmək məqsədi ilə tələbə təşkilatlarının imtahanın keçirilməsində iştirakını, valideynlərin imtahan sessiyasını müşahidə etməsini təmin etmək kimi məsələlər də nəzərdə tutulub.
Qeyd edək ki, ADU-da 2018/2019-cu tədris ilinin yaz semestrinin yay imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, habelə imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görülməsinə kömək etmək məqsədi ilə İmtahan Qərargahı fəaliyyət göstərir.
Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.