Diasporla İş üzrə Dövlət Komitəsində Xaricdə Yaşayan Rumınlarla İş üzrə Nazirliyin nümayəndələri ilə görüş keçirilib.
Unikal.org xəbər verir ki, tədbiri giriş sözü ilə açan Komitə sədri Fuad Muradov qonaqları salamlayıb və iki ölkə arasında əlaqələrin möhkəmliyindən, Rumıniyaya səfərləri zamanı keçirilən görüşlərin əhəmiyyətindən, eyni zamanada Azərbaycan Prezidentinin diaspor siyasətinin uğurlu nəticələrindən danışıb.
Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan İanku Rumıniya ilə Azərbaycan arasında münasibətlərin bu günü və gələcək inkişafı ilə əlaqədar fikirlərini bildirib.
Daha sonra Xaricdəki Rumınlarla İş üzrə Nazirliyin nümayəndələri Adriana Danila və Corina Nicolae çıxış edib, hər iki ölkənin uyğun qurumları arasında əməkdaşlıq imkanlar barədə fikirlərini səsləndirib və bu əməkdaşlığa töhfə verməyə hazır olduqlarını bildiriblər.
Xatırladaq ki, bir müddət öncə Dövlət Komitəsi ilə Rumıniyanın Xaricdə Yaşayan Rumınlarla İş üzrə Nazirliyi arasında təcrübə mübadiləsi ilə bağlı razılaşma imzalanıb.
Sonda qonaqlara Dövlət Komitəsinin struktur bölmələrinin fəaliyyətilə bağlı geniş məlumat verilib.