Türkiyənin Hurriyet.com saytında indiyədək dövlət sirri kimi qorunmuş bir sıra fakt açıqlanıb. Bunlardan biri də Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə bağlıdır.
Hulusu Turqutun müəllifi olduğu yazıda 1992-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısında Azərbaycan prezidenti ilə bağlı həyəcan yaşandığı bildirilir. Həmin zirvə toplantısında Əbülfəz Elçibəydən başqa Rusiya, Ermənistan, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova, Ukrayna və Albaniyanın dövlət başçıları da iştirak ediblər.
Hulusu Turqutun yazısında öncə deyilir ki, Əbülfəz Elçibəy zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə 1992-ci il iyunun 24-də gəlib. O, İstanbulun Atatürk hava limanında təyyarədən düşən kimi torpağı öpüb. Yazıya görə, Əbülfəz Elçibəy aeroportda onu qarşılamağa gələnlərin hər birinə "Ana vətənimiz, ana vətənimiz" deyə-deyə Türkiyədə olmaqdan böyük xoşbəxtlik duyduğunu ifadə edib.
Elçibəy aeroportdan Çırağan sarayında onun üçün ayrılmış iqamətgaha yollanıb və iqamətgaha çatan kimi buradan İstanbul boğazının və Anadolu ətəklərinin seyrinə dalıb.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısı səhərisi gün – iyunun 25-də keçiriləcək. Gecə saatlarında Elçibəy iqamətgahında istirahətə çəkilib.
İyunun 25-i Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının zirvə toplantısına dəvət olunmuş dövlət başçıları bir-bir onlar üçün ayrılmış iqamətgahlardan toplantının keçiriləcəyi Çırağan sarayına gəlməyə başlayıblar. Toplantıya ev sahibliyi edən Türkiyəni zirvə görüşündə baş nazir Süleyman Dəmirəl təmsil edir. Toplantının koordinatoru Türkiyənin dövlət naziri Şərif Ərcandır.
Qonaqlar bir-bir iclas salonuna yığılırlar. Bircə Azərbaycan prezidenti Əbülfəz Elçibəy yoxdur. Türkiyəli məsullar Çırağan sarayını ələk-vələk edirlər, Elçibəyi tapa bilmirlər. Azərbaycan nümayəndə heyətinin üzvlərindən soruşurlar, onlar da prezidentin yerini bilmir. Şərif Ərcan dərhal vəziyyəti digər dövlət naziri Cavid Çağlara çatdırır.
Hulusu Turqutun yazdığına görə, Cavid Çağlar Süleyman Dəmirələ məsələ ilə bağlı belə bir məruzə edir: "Bəy əfəndi, sayın Elçibəyi tapa bilmirik. Öz nümayəndə heyəti də harada olduğunu bilmir. Zirvə toplantısı başlamaq üzrədir. Elçibəysiz bu iş olurmu, əfəndim? Nə əmr edirsiniz?"
Baş nazir Süleyman Dəmrəl həmişəki soyuqqanlı tövrünü pozmadan Cavid Çağlara belə deyir: "Məsələni burada səsləndirmək lazım deyil. Dərhal Necdətə tapşır, lazımi tədbirləri görsün".
Necdət Mənzir İstanbulun polis rəisidir, Çırağan sarayının təhlükəsizliyinə cavabdeh şəxs də odur. Cavid Çağlar vəziyyəti Necdət Mənzirə anladır. Mənzir dərhal araşdırmaya başlayır.
İlk ipucunu iqamətgah işçilərindən biri verir. O bildirir ki, Azərbaycan prezidenti səhər tezdən otağından çıxaraq sarayın qapısına yönəlib, bağdakı taksilərdən birinə oturaraq yola düşüb.
İstanbul polisi dərhal səfərbər edilir. Az vaxt sonra Əbülfəz Elçibəyin Anadolu ətəyində, Salacaq sahilində bir taksidə olduğu xəbəri gəlir.
Yazıda deyilir: "Polis zabitləri Azərbaycan prezidentinin halını çaşqınlıqla izləyirdilər. Elçibəy taksinin içində ətrafı seyr etməkdə idi".
Polislər yavaş-yavaş taksiyə yaxınlaşıblar. Taksinin pəncərəsi açıqmış. Özlərini Elçibəyə təqdim edən polislər soruşublar ki, ona nə qulluq göstərə bilərlər?
Yazıya görə, Əbülfəz Elçibəy polislərə belə deyib: "Türkiyə aşiqiyəm. İstanbula heyranam. Ana vətənimizə gəlmişkən atalarımızın yaşadığı Topqapı sarayını uzaqdan da olsa seyr etmək istədim".
Yazıda deyilir: "Azərbaycan prezidenti tapılmış, məsələ Necdət Mənzirə bildirilmişdi. Nəcdət Mənzir bu sevindirici xəbəri Cavid Çağlara, o isə öz növbəsində Süleyman Dəmirələ çatdırır. Əbülfəz Elçibəy bir polis maşınında Çırağan sarayına gətirilir. Həyəcanlı anlar geridə qalır. Süleyman Dəmirəl və onun başçılıq etdiyi hökumətin üzvləri Cavid Çağlarla Şərif Ərcan dərindən nəfəs alırlar. Bu hadisə günümüzədək dövlət sirri kimi qorunub".
1938-ci ildə Ordubadın Kələki kəndində doğulan Əbülfəz Elçibəy 1960-cı ildə indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misir Ərəb Respublikasında çalışıb, daha sonra Bakıda elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 1975-ci ildə antisovet təbliğatında günahlandırılaraq həbs edilib. 1977-ci ildə həbsdən buraxılandan sonra Əlyazmalar İnstitutunda işləyib. 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinə (sonradan Azərbaycan Xalq Cəbhəsi Partiyası) sədrlik edib.
Əbülfəz Elçibəy 1992-ci il iyunun 7-də Azərbaycan prezidenti seçilib. Həmin ayın 17-dən prezident kimi and içərək vəzifəsinin icrasına başlayıb. 1993-cü il yunun 17-də hərbi qiyam səbəbindən paytaxtı tərk edərək doğma kəndinə köçüb. İyunun 24-də Milli Məclisin qərarı ilə vəzifədən uzaqlaşdırılıb. Avqustun 29-da bu qərar ümumxalq referendumunda təsdiqlənib. 1997-ci ildə paytaxta dönən Elçibəy 2000-ci il avqustun 22-də ağır xəstəlikdən sonra Türkiyə paytaxtı Ankarada vəfat edib. Bir gün sonra Azərbaycan paytaxtında, Fəxri xiyabanda dəfn olunub. (Novator.az)